Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.

Dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə hər iki kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.

***

Prezident Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Kəlbəcəri tərk edərkən ermənilərin avadanlıqlarını daşıyaraq tamamilə dağıtdıqları “Qamışlı” Kiçik Su Elektrik Stansiyası da “AzərEnerji” tərəfindən tamamilə yenidən tikilib. 6,3 meqavat gücündə “Qamışlı” Kiçik Su Elektrik Stansiyası üçün maşın zalı inşa edilib. İki hidroaqreqatdan ibarət “Qamışlı” stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılıb. “Qamışlı” Kiçik Su Elektrik Stansiyasında ümumilikdə il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsal edilməsi nəzərdə tutulur.

Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev hər iki elektrik stansiyasını işə salıb.

***

Kəlbəcər rayonuna səfər zamanı Prezident İlham Əliyev 2021-ci ilin noyabrında təməli qoyulan uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yollarında işlərin gedişi ilə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında məlumat verib.

Bildirilib ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.

Məlumat verilib ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü inşa olunacaq.

***

Prezident İlham Əliyev mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Bildirilib ki, 3,6 hektar ərazidə salınan Kəlbəcər hərbi hospitalı sülh dövrü üçün 180 çarpayılıqdır. Döyüş vəziyyəti zamanı çarpayı sayını 300-dək artırmaq mümkündür. Poliklinika bölməsində ixtisaslar üzrə oftalmoloq, otorinolarinqoloq, kardioloq, stomatoloq, nevroloq, psixiatr, fizioterapevt və digər kabinetlər açılıb. Hospitalda iki əməliyyat otağı fəaliyyət göstərir.

***

Dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.

Bildirilib ki, yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq.

***

Prezident Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının da təməlini qoyub.

Elm və təhsil naziri Emin Əmrullayev görüləcək işlər barədə məlumat verib. Qeyd edilib ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.