Azərbaycan xalqının Ümummilli lideri, mədəniyyətimizin böyük himayədarı olmuş Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində sənətə və sənətkara özünəməxsus yanaşma nümayiş etdirmişdir. Ulu öndər mədəniyyət və incəsənətin xalqları dünyada tanıtmağın ən uğurlu vasitəsi olduğunu deyirdi. SSRİ Xalq artisti, unudulmaz müğənni Rəşid Behbudovun vəfatının növbəti ildönümündə çıxışında dahi siyasətçi bu həqiqəti belə ifadə etmişdi: “Qardaşım Həsən Əliyev mənə deyərdi ki, 100 ildən artıqdır ki, dünyaya neft veririk, buna baxmayaraq, Azərbaycanı xaricdə tanıtdıra bilməmişik. Lakin təkcə Rəşid Behbudov bizi öz sənəti ilə bütün dünyada tanıtdırdı”.

Böyük dövlət xadimi Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyə gəlməsi ilə, 70-ci illərdən başlayaraq paytaxtımızda və bölgələrdə tanınmış şəxsiyyətlərə, əmək qəhrəmanlarına qoyulan abidələrin sayında ciddi artım baş vermişdir. Ulu öndər bölgələrdə də mədəni həyatın yüksəlişinə, insanların estetik zövqünün zənginləşdirilməsinə həmişə diqqət yetirmişdir. Heydər Əliyev ümumilikdə 15 dəfə Sabirabad rayonunda səfərdə olmuşdur. Dahi şəxsiyyət rayonumuza hər gəlişi yeniliklərlə müşayiət olunmuş, cəmiyyət həyatında yeni səhifələr açılmışdır. Bu yazıda Sabirabad rayonunun kəndlərində 70-80-ci illərdə ucaldılan heykəltəraşlıq nümunələri haqqında söz açacağam.

...Barlı-bərəkətli Muğan düzünün (tarixi mənbələrdə bu torpaq “Xavərzəmin”, “Günəşin çıxdığı yer” adlandırılır) başlanğıcı hesab edilən Kür çayı üzərindəki Şirvanla Muğanı birləşdirən avtomobil körpüsündən keçib bir qədər irəli məsafə qət etdikdən sonra əzəmətli görünüşə malik “Muğan qızı” abidəsinə (heykəltəraş Sabir Mustafayev) yaxınlaşıram. Sanki bu zəhmətkeş “Vətən qızı” rayon ərazisinə daxil olan qonaqlara Muğan torpağına “xoş gəlmisiniz!” deyir. Böyük bir ərazini əhatə edən bu memorial kompleks Muğan çöllərində yetişdirilən pambıq məhsulunu araya-ərsəyə gətirmiş mərd, əməksevər oğul və qızlarımızın hünərini özündə əks etdirir. 2020-ci ildə abidə üzərində rekonstruksiya işləri aparılıb, istinad divarları milli ornamentlərlə bəzədilib. Ərazidə işıqlandırma sistemi qurulub.

Sonra dünya şöhrətli şair və mütəfəkkirimizin adını daşıyan Nizamikənd kəndinə (sovetlər zamanında Vladimirovka adlanırdı) üz tuturam. Kəndin mərkəzində II Dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış ana heykəlinə yaxınlaşıram. Bu zaman Xalq şairi Süleyman Rüstəmin dillər əzbəri olan “Ana və poçtalyon” şeirindən

Bundan neçə gün əvvəl məndən küsən, inciyən,
“Məktub olmasa, bir də bu evə gəlmə” deyən
Mərhəmətli, möhtərəm anayadır bu kağız...

misralarını xatırlayıram. Sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinə diqqət yetirirəm.

Növbəti ünvan Minbaşı kəndidir. Kənddəki Mədəniyyət evinin qarşısına çatıram. “Xosrov və Şirin” əsərində

Kömək qapısını aç, ey Yaradan!
Göstər Nizamiyə düz yolu hər an!

– deyərək bəşəriyyəti haqqa, ədalətə səsləyən Nizaminin büstünün önündə dayanıb dahi şairin bənzərsiz söz ümmanından nümunələri yada salıb xəyala dalıram.

Sabirabad rayonunun mərkəzindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrindən biri də Azadkənd kəndidir. Kəndin mərkəzi eyniadlı dəmiryol stansiyasının yaxınlığında yerləşir. Burada Azərbaycanın bir əlində qılınc, bir əlində qələm tutan sərdar şairi,

Sığın fəzli-həqqə, ey talibi-rah,
Ki, dost eşqin özünə eylə həmrah.

– deyən Şah İsmayıl Xətainin əzəmətli büstü ucalır. Hakimiyyəti dövründə ana dilimizi dövlət dili səviyyəsinə ucaldan, bu dildə dəyərli bədii nümunələr yaradan Xətai sanki qalib xalqın qalib sərkərdəsi kimi dayanmışdır. Burada kəndin ziyalıları, gənc nəslin nümayəndələri ilə mədəni irsimizə olan münasibətləri barədə söhbət etdikdən sonra yenə yoluma davam edərək Salyana tərəf istiqamət alıram. Muğangəncəli kənd Mədəniyyət evinin həyətində ucaldılmış Şeyx Nizaminin heykəli qarşısında dayanıb şairin ruhuna salavat çevirib Cəngən kəndinə üz tuturam. Bu kənd Sabirabad-Salyan avtomobil yolundan təxminən 2 km məsafədə yerləşir. Cəngən kəndində II Dünya müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən abidə ucaldılıb.

İndi isə rayonumuzun cənub-şərq hissəsindən ayrılıb qədim Şirvan torpağına üz tuturam. Böyük Azərbaycan şairi Əfzələddin Xaqaninin “Hansı Şirvan, O gülistani-qədim?!” misrasının işığında 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə inşa etdirilmiş Surra körpüsünün üzərində ayaq saxlayıb Ana Kürə nəzər salıb yoluma davam edirəm. Dahi şəxsiyyət Heydər Əliyevin “Tariximizin hər səhifəsi bizim üçün qiymətlidir” fikri qəlbimdə Qəzli kənd Mədəniyyət evində qorunub saxlanılan xalqımızın həkim və ədib oğlu, dövlət xadimi Nəriman Nərimanovun büstü qarşısında dayanıram. Görkəmli ədibin Azərbaycan ədəbiyyatı və maarifçi fikrinin inkişafına verdiyi töhfələri yada salıram.

İndi isə Yenikənd kəndindəyəm. Burada da II Dünya müharibəsi iştirakçılarının şərəfinə abidə ucaldılıb. Mən kənd və qəsəbələrimizdəki abidələrin sorağı ilə yol aldığı səyahətimi barlı-bərəkətli Muğan çöllərini nura boyayan ilıq günəşin qızılı şüaları altında doğma ocağım Güdəcühürdə başa vururam. Son olaraq Güdəcühür kəndinin mədəni mərkəzinə aparan yolun sağ tərəfində qərar tutan “Qalib əsgər” abidəsinin önünə gəlirəm. 1941-1945-ci illər müharibəsindən geri qayıtmayan oğul və qızlarımızın xatirəsini əbədiləşdirən əzəmətli abidənin qarşısına çiçəklər qoyuram. Bu an ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun misli görünməmiş qəhrəmanlığı canlanır. Mərd oğulların fədakarlığı, hərbçilərimizin söz-sənət beşiyimiz Şuşanı azad etməklə mümkünsüzü bacarması ilə bir daha fəxarət hissi keçirirəm. İnanıram ki, canı-qanı bahasına torpaqlarımızı yağıdan təmizləyən hər bir qəhrəman şəhidimizin xatirəsi əbədiləşdiriləcək, abidələri ucaldılacaq.

Mahir Əbilov
Sabirabad rayon Mədəniyyət Mərkəzi Güdəcühür kənd Folklor evinin direktoru