Bu gün baletmeyster, Azərbaycan balet sənətinin canlı əfsanəsi, Xalq artisti, Prezident təqaüdçüsü Maqsud Məmmədovun 94 yaşı tamam olur.

Gəncədə dünyaya göz açan Maqsud Davud oğlu Məmmədov erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bu sahəyə olan həvəsi onu Bakı Xoreoqrafiya Məktəbinə gətirir. Burada yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilir. Beləliklə, Maqsud Məmmədov peşəkar təhsil almış ilk azərbaycanlı balet artisti olur.

Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi başlayan Maqsud Məmmədov qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək baletsevərlərin dərin rəğbətini qazanıb. Dünya klassiklərinin əsərlərindən mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Dezire (“Yatmış gözəl), Şelkunçik (“Şelkunçik”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərindən parlaq obrazları – Polad (“Qız qalası”), Azad (“Gülşən”), Mənzər (“Yeddi gözəl”), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) böyük uğurla canlandırıb.

Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca bir çox ölkələrdə – Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğatçısına çevrilib.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əlivedibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Maqsud Məmmədov və Rəfiqə Axundova ötən əsrin 70-ci illərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevlə əməkdaşlığa başlayıblar. Nəticədə ən nüfuzlu teatr səhnələrini bəzəyən iki gözəl sənət əsəri – “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri yaranıb.

Milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə Maqsud Məmmədov 1955-ci ildə “Əməkdar artist”, 1970-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezident təqaüdçüsüdür.

Milli balet sənətinin görkəmli nümayəndəsini doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və həyat enerjisi ilə dolu uzun ömür arzulayırıq.