Azərbaycan

 

1 iyun 1920 – Xalq artisti Raxil Solomonovna Ginzburq (1920 – 6.12.1995) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

1 iyun 1936 – Xalq artisti, dirijor Nəriman Abbasqulu oğlu Əzimov (1936 – 19.11.2016) Gəncədə doğulub. Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

1 iyun 1939 – Ali Sovetin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. Elmlər Akademiyasının binasında yerləşən kitabxana 1960-cı ildə indiki binasına (arxitektor Mikayıl Hüseynov) köçüb. 1962-ci ildə binada M.F.Axundzadənin büstü (heykəltəraş İbrahim Zeynalov) qoyulub. 

1 iyun 1940 – Əməkdar rəssam Ənvər Əsgər oğlu Əsgərov (1940-2014) Qəbələ rayonunda anadan olub. Abşeronun koloriti, sənaye mənzərələri ilə bağlı tabloların, natürmortların müəllifidir.

1 iyun 1943 – Əməkdar mədəniyyət işçisi Arif İzzət oğlu Həbibi (1943 – 21.1.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti, dublyaj rejissoru, Dublyaj şöbəsinin müdiri işləyib.

1 iyun 1944 – Əməkdar artist Mübariz Əlixan oğlu Paşayev (1944 – 31.8.2006) Zəngilan rayonunda doğulub. İrəvan, Gənc Tamaşaçılar teatrlarının aktyoru olub, filmlərdə (“Qərib cinlər diyarında”, “Dantenin yubileyi” və s.) çəkilib.

1 iyun 1950 – Əməkdar artist Tanilə Aysayevna Əhmərova (1950 – 4.8.2015) Bakıda anadan olub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Sevinc buxtası” (Leyla), “Qayınana” (Sevda) və s. 

1 iyun 1953 – Əməkdar artist Ömür Məlik oğlu Nağıyev (1953 – 31.12.2013) anadan olub. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə Teatrında, Rus Dram Teatrında çalışıb.

1 iyun 1972 – Bakıda Azərbaycan yazıçılarının V qurultayı işə başlayıb. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev qurultayda çıxış edib.

1 iyun 2010 – Prezident İlham Əliyev böyük şair Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

1 iyun 2015 – Prezident İlham Əliyev görkəmli memar, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Hüseynovun 110 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

2 iyun 1979 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (15.10.1910 – 1979) vəfat edib. “O olmasın, bu olsun”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərə quruluş verib.

2 iyun 2013 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və  SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 – 2013) Parisdə vəfat edib. Passi qəbiristanlığında dəfn olunub.

 

3 iyun 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1.1.1947 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

3 iyun 2006 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (10.9.1931 – 2006) vəfat edib. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

 

4 iyun 1926 – Əməkdar artist, xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 – 4.1.2000) Qubada anadan olub. Muğam, xalq və bəstəkar mahnılarının bənzərsiz ifaçısı kimi tanınıb. “Arşın mal alan” filmində (1945) Telli rolunu oynayıb.

4 iyun 1929 – Əməkdar artist, kamança ifaçısı Elman Kərim oğlu Bədəlov (1929 – 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib.

4 iyun 1939 – Əməkdar artist Vaqif Nəcəf oğlu Rəsulov (1939-2014) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub.

4 iyun 1944 – Əməkdar mədəniyyət işçisi, kinooperator Elman Əliverdi oğlu Əliyev (1944-2016) Bakıda doğulub. 30-dan artıq sənədli filmin operatoru, bədii filmlərin rəssam-fotoqrafı olub. 

4 iyun 2012 – Prezident İlham Əliyev milli mətbuatın banisi, publisist, təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubileyi və Xalq şairi, ədəbiyyatşünas Xəlil Rza Ulutürkün 80 illik yubileyi haqqında sərəncamlar imzalayıb.

 

5 iyun 1908 – Məşhur şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 1908 – 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. Qısa ömründə 10 şeir və poemalar toplusu nəşr olunub. Repressiya qurbanıdır.

5 iyun 1939 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 – 28.1.2015) anadan olub. Lirik-fəlsəfi şeirlərin, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000-2010) olub.

5 iyun 1941 – Görkəmli aktyor, Əməkdar artist Hamlet Bəbir oğlu Xanızadə (1941 – 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, Akademik Dram Teatrında, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

1 iyun 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

1 iyun 1850 – Türk yazıçısı Şəmsəddin Sami (1850-1904) anadan olub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin tərtibçisidir.

1 iyun 1926 – Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe – əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub.

1 iyun 1929 – Hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

2 iyun 1840 – İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.

2 iyun 1988 – Hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 – 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.

 

3 iyun 1875 – Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet; 25.10.1838 – 1875) vəfat edib. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

3 iyun 1924 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 3.7.1883 – 1924) vəfat edib. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

3 iyun 1963 – Türk şairi, yazıçı-dramaturq Nazim Hikmət (15.1.1902 – 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmləri çəkilib.

 

4 iyun 1882 – Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.

 

5 iyun 1898 – İspan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada vətəndaş müharibəsində həlak olub.

5 iyun 1931 – Fransız kinorejissoru, “Yeni dalğa”nın nümayəndəsi Jak Demi (Jacques Demy; 1931-1990) anadan olub.

Hazırladı: V.Orxan