Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət milli kulinariya komandası Tatarıstanda (RF) keçirilən Dünya Halal Çempionatında iştirak edib. 15 komandanın iştirak etdiyi çempionat çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Azərbaycan-Qarabağ” milli mətbəx günləri təşkil olunub. Milli mətbəx günlərinə görə Azərbaycan komandası qızıl medala layiq görülüb.

Bu barədə mayın 31-də Bakıda çempionatın yekunlarına dair mətbuat konfransında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib.

Bildirilib ki, çempionatda kulinarlarımız Azərbaycan mətbəxindən müxtəlif xörəklər, salatlar və şirniyyatlar hazırlayaraq təqdim ediblər. Həmçinin milli mətbəx günlərində canlı musiqi və rəqslərimiz ifa olunub, milli geyimlərimiz nümayiş etdirilib.

Tahir Əmiraslanov deyib ki, tədbir iştirakçılarına “Qarabağ mətbəxinin inciləri” kitabı hədiyyə olunub: “Çempionatda Kazan şəhərinin komandası birinci kubok və qızıl medal, Azərbaycan isə ikinci kubok və gümüş medal qazanıb. Komanda üzrə və fərdi yarışlardan komandamız 13 qızıl, 12 gümüş və 1 bürünc medal qazanıb”.

Tədbirdə çıxış edən digər natiqlər çempionatın milli mətbəximizin tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda Beynəlxalq Halal Çempionatında iştirak etmiş kulinarlarımıza diplomlar təqdim olunub.