Həmsöhbətimiz Xalq artisti, bizi ifaları ilə iki dünya arasında bəxtəvər etməyə çalışan Niyaməddin Musayevdir.

 

– “Gəl görüşək biz bu ilk baharda”...

– Ritmik nəğmələrimlə başladın, deyəsən. Artıq söhbətin ovqatını duyuram.

 

– Nə olsun ki, “Neynim, canım neynim, gözüm neynim, mən neynim?”

– (Gülür) Day keçib, görək neynirik. Sağ olasan, elə bildim, sən də “Dünya sənin, dünya mənim”lə başlayacaqsan. Amma bu mahnının misraları məni gör, haralara apardı.

 

– Niyaməddin müəllim, neçə gündür musiqi platformalarında əlimə keçən köhnə-təzə mahnılarınızı dinləyir, qeydlər aparıram. Maraqlıdır ki, janr və ritmindən asılı olmayaraq, bütün nümunələrdə söz ön plandadır.

– Bəli, kim nə deyir-desin, istənilən melodiya sözsüz mənasızdı, sadəcə, qulağa xoş gələn avazdır. “Nəğmə olub gecələr sənə layla çalaydım”, “Arzumu kəsib-biçirəm səni  unutmaqdan ötrü…”, “Gecə kimi fikirli, Gündüz kimi şən, gülüm. İki hissin əlində Gəl, oynama sən, gülüm...”, “Yandım, külə döndüm, sən inanmadın”, “Günəş harda yatıb qalıb, Sənsiz səhər açılmayır”, “Bülbüləm yanar gülüm, Uzanar ayım, ilim. Ölməyə nə var gülüm, Hicrana dözmək olmaz” və nə qədər belə sözləri deyə bilərəm. Bax, sözlər deyir ki, gəl mənə nəğmə qoş, dilə gətir.

 

– Yaxşı, yaşı 80-i ötən Niyaməddin Musayevin bu illər ərzində bütün nəsillər tərəfindən sevilməsinin sirri nədədir?

– Mən əvvəl muğam ifaçısı idim, dəsgahlar oxuyurdum. Sonra düşündüm ki, yenilik gətirməli, adi müğənni olmaqdansa, fərqli nə isə etməliyəm. Beləcə, “Röya” yarandı. Muğam çətindir, dərindir, dəryadır. Hansı bəstəkar muğamı bilirsə, gözəl mahnılar yazır, sevilir, qəbul olunur. Düşündüm ki, muğamlar sevilib, janrlar yeniləndikcə bir sintez lazımdı. Onda sintezatorlar da az idi, imkanları da məhdud. Əldə nə vardısa götürdüm. Qərb ilə milli alətlərin səslənməsini sintez elədim. Baxdım ki, qulağa pis yatmır, maraqlıdır. “Röya” və “Kölgəm qədər” mahnılarını yazdım. İndiki cavanlar demişkən, partladı. Sonra mahnıların arxasını gətirdim, silsilə yarandı. Yenilik qəbul olundu. Geyimimiz, zahiri görünüşümüz də. Ağ kostyumlu təzə qrup sevilməyə başladı. Konsertlərim çoxaldı, tələb artdı.

 

– Cəsarətli adamsınız. Televiziyanın bədii şura, senzura dönəmində ora gedib çıxmaq, üstəlik, populyar estrada janrında kifayət qədər sevilən bəstəkar və ifaçıların olduğu vaxtda yenilik ürək istəyirdi...

– O ürək də məndə (gülür). Elə bilirsən asan  oldu? Amma yolumdan da, indinin sözü ilə desək, vizyonumdan, zahiri görünüşümdən, saçımdan, fərqli geyim-keçimdən də vaz keçmədim. Sənət adamına qadağa ən mənasız addımdır.

 

– Niyə sizin mahnılarınızı sizdən yaxşı oxuyan yoxdur?

– Çünki orada söz, ifa və ürək bir-birini tamamlamalıdır. İşin içində bir də röya kimi insanların yaddaşında qalmaq, ürəyinə toxunmaq da var.

 

– Söhbəti yenə həzin notlara çəkdiniz. Keçmiş və xatirələr sizi sevindirir, yoxsa?...

– Keçmişin xatirələrindən gəlmişəm də indiki yerə, ürəklərdəki məqama. Deməli, hər şeyə rəğmən, sevindirir.

 

– Dünən sizi incidənləri necə, bu gün bağışlayırsınız?

– Çox haqsızlıq, ikili münasibət görmüşəm. Amma heç vaxt ümidimi üzməmişəm. Təsəvvür edin, Ulu öndərin mənə dəstəyi olmasaydı, Allah bilir indi haralardaydım. Min şükür, o vaxtdan dövlətimizin diqqət mərkəzindəyəm və bundan çox razıyam. Amma bura qədər gəldiyim yol o qədər çətin olub ki. Məsələn, “Saçını kəsdir, qara kostyum gey, qalstuk tax, səni dövlət konsertlərinə yazaq” deyirdilər. Nə qədər izah edirdim ki, saçım, paltarım yox, səsim, mahnım vacib olmalıdır sizə. Görürdüm işə yaramır, deyirdim oxumuram, saçımı da kəsdirmirəm. Beləcə, kənarda qalırdım. Mahnılarımı da xalq nəğmələri adı ilə verirdilər. Bir gün özümü toplayıb girdim televiziyanın o vaxtkı rəhbəri rəhmətlik Elşad Quliyevin yanına. Dedim ki, “Ay Elşad müəllim, qara, boz kostyumun, ya da cins şalvarın müğənniliyə nə aidiyyəti? Saçdı, geyimdi, o oxumur ki, mən oxuyuram. Baxın, mahnılarımı da mənim  adımdan vermirlər”. Güldü, məni sakitləşdirməyə çalışdı, ümumi qaydanı o da xatırlatdı. Amma həm də tapşırıq verdi ki, Niyaməddinin bütün mahnılarına öz adını qeyd edin. Buna nə qədər sevindim, inanmazsan. Mahnını mən yaza-yaza deyirdilər yaxşıdı, amma gərək bəstəkar diplomun olsun ki, adını yazaq. Mən də istərdim bu sahədə təhsil alım. Amma o demək deyil ki, bütün fitri istedad və sevgini qoyub, düşüm dipolumun dalınca. Adi nəğmədir də, iddialı deyiləm ki, simfoniya, kantata yazım. Nəğmədir, xalq sevir, dinləyir. Getmədim, gedə bilmədim də diplomun dalınca. İndi mahnı yazmayım?!

 

– Biz sizin əksər mahnılarınızı sevirik. Bəs siz özünüz hansı nəğmələrinizi dinləyirsiniz?

– Daha çox lirik. O nəğmələr ruhu dilə gətirib adamı duruldur, düşündürür.

 

– Bayaq xeyli mahnınızı sadaladınız. Əslində, bir mahnı ilə də illərlə sevilməyin nəyi pisdir ki?

– Haqqımdır axı, hər bir nəğmədə ürəyimin hərarəti, sevgim, yanğım var. Nə olar, arada o mahnılara da qulaq assınlar. Bir insanın yaradıcılığını sadəcə, efirdə oxuduqları ilə qəbul edirlər. Amma mənim onlarla mahnım. Vətənpərvərlik mahnılarım da çoxdur. Düzdür, hamısı efirdə səslənmir. Aparıcılar, televiziya işçiləri hər dəfə ritmik nəğmələrimə üstünlük verirlər. Nə qədər nəğmələrim var ki, yalnız ara-sıra tədbirlərdə oxunur.

 

– Son vaxtlar yeni mahnılarınızı eşitmirik. İndi daha çox nə ilə məşğulsunuz?

– İdmanla, bədən tərbiyəsi ilə. Gör nə gözəl sözdür: “Musiqi ruhu, idman da bədəni tərbiyə edir”. Nə qədər olar e, yeyib-yatmaq? Sonra da ah-uf edəsən ki, dizim ağrıyır, taqətim yoxdur, əzalarım sözümə baxmır... İdman lazımdı, idman. Klassik güləş üzrə idman ustasıyam. Həmişə hərəkətdə olmuşam. İndi də idman zallarından birində qəşəngcə sağlamlığımı qoruyuram. Bu mənim həyat tərzimdi. Qaçıram, üzürəm. Cavanlar var ki, baxanda elə bilirsən ahıl kişidir. Nikbin olmaq, həyata beşəlli bağlanmaq lazımdı, vaxt uçur e bizdən xəbərsiz. Bax, artıq 83 yaşım tamam olur.

 

– Maşallah. İyunun 1-də doğulmusunuz. Amma bəzi təqvimlərdə may yazılıb.

– Qoy sənə bir xatirə danışım. Ad günlərimin birində rəhmətlik anamdan “Ay ana, dəqiq de görüm, mən nə vaxt doğulmuşam?” – deyə soruşdum. Dedi “Nə bilim, ay bala, amma yazın axırlarıydı, istilər düşmüşdü”. Mən anam deyənə inanıram. Amma elə həm mayın 1-də, həm də iyunun 1-də təbriklər qəbul edirəm. Əsas sevgidir, sağ olsunlar, onu da göstərirlər.

 

– Uşaqlığınızı tez-tez xatırlayırsınız? İnsan yaşa dolduqca keçmişə qayıdır, yoxsa sabaha boylanır?

– Həyat gözəldir. Hər ilin, ayın, günün, anın tənəzzülü də var, ucalığı da. Keçmiş illəri, ağrı-acılı uşaqlığımı xatırlayanda, sözsüz ki, bu günümə şükür edirəm. Bir yaşımda atamı itirmişəm, üzünü görməmişəm. Qardaşımla məni anam saxlayıb. Yetimçiliklə böyüdük. Əziyyət çəksək də, hər ikimiz həyatda özümüzü tapa bildik. Atam da vəzifə sahibi olub, qardaşım da. İncəsənətdə yol isə məndən başlayıb.

 

– İnanmıram ki, bu ilkliyiniz də rahat qəbul oluna...

– Rəhmətlik qardaşım buna görə məni o qədər tənbeh eləyib ki.  Yadımdadır, yay idi. Qabiliyyətdən keçdim, oldum İncəsənət İnstitutunun tələbəsi. Lovğalana-lovğalana kəndə getdim, dedim ki, qağa (qardaşıma elə deyirdim), bəs filan yerə daxil olmuşam. Üz-gözünü turşudub “Nədir ə, artist olacaqsan? Get, abırlı-başlı bir instituta gir” deyəndə lap pərt oldum. İndi onu da başa düşürəm, iqtisadçı idi. Rayon yerində, yetimçiliklə böyüyən uşaqlar gərək konkret bir peşənin qulpundan yapışa. Düzü, o vaxtlar rayonda oxuyub-oynayanlara da bir cür baxırdılar. Anam qaldı ikimizin arasında. Qardaşım da dediyindən dönmədi. Yazıq anam “Ay İnqilab, uşaqdır da, girib-girib” deyəndə qardaşım “Mən sözümü dedim” qətiyyəti göstərdi. Əlim-ayağım soyudu. Gedib sənədlərimi götürdüm. Qardaşımın sözündən çıxa bilmədim. Gedib maliyyə sahəsində təhsil aldım. Paralel olaraq yavaş-yavaş ifaçılığa başladım. Diplomu atsam da, oxumağı ata bilmədim. Qardaşım da zamanla bununla barışdı... 90-cı illərdə biznesə keçdim, işimi qurdum, təhsilim çətin anda əlimdən tutdu.

 

– Amma biznesmenlikdən yenə müğənniliyə qayıtdınız...

– Biznesdə də pis döyüldüm. Çörəyin tapılmayan vaxtı çörək, pal-paltar sexlərim vardı. 50-ə yaxın işçi çalışırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra məni xəbər alır. Deyirlər bizneslə məşğul olur. “Onun gözəl səsi, sənəti var, biznes nədir?” – deyir. Yadımdadır, görüşümüzün birində mənə “Bax, biznesin dalınca getmişdin. Tapdırıb gətirdim, indi də Xalq artistisən”, – deyib güldü. Ruhu şad olsun, o, həyatımı tamamilə dəyişdi.

 

– Siz də tanınmış insan olmağın məsuliyyətindən bərk yapışmısınız...

– Düz deyirsən, tanınmış insan olmaq həm fürsət, həm də məsuliyyətdir. Amma mənə görə sadəcə məsuliyyət. Sən sənət adamısansa, deməli, xalqa məxsussan, onun gözünün önündəsən. Vallah, az qala çörək yeyəndə də, yol ilə yeriyəndə də ölçü-biçidə oluram. Bilirəm ki, onlar mənə baxırlar, diqqət edirlər, izləyib nə isə nəticə çıxarırlar. Xalqın gözü tərəzidir. Sən özünü yaxşı aparmasan, nə gəldi danışıb, harada necə gəldi davransan, xalq da sənə şəbədə qoşar.

 

– Maraqlı yanaşmadır. Amma mənə elə gəlir, siz kimsə ilə hesablaşmayan, ziyadə sərbəst adam olmusunuz. Məxsusi geyim tərzinizə, ifalarınıza, saç-başınıza görə dedim.

– (Gülür) Onu da düz deyirsən. Amma o sərbəstliyimdə də bir ölçüm var idi. Səhnə başqa, həyat başqadır. Sərbəst olmuşam. Daxilən həm də konservativ. Başqalarının fikrinə önəm verirəm, amma öz düşüncəm də sabitdir. Vallah, necə varamsa, eləcəyəm. Heç vaxt pərdələnməmişəm. Yekəxana olmaq mənə yaddır.

 

– Bildiyimə görə, mahnılarınızın çoxunu elə-belə, pul-parasız vermisiniz. Bəstəkarı olduğunuz mahnını kimsə yaxşı oxuyanda və o nəğmə məşhurlaşanda “Gərək özüm oxuyardım” kimi təəssüfünüz olmur ki?

– Yalan deyə bilmərəm, bəzən olub. Amma mən mahnılarımı təmənnasız verirəm. Sadəcə, yaxşı oxuyanlara. Elə olanda mahnıların taleyindən də nigaran qalmıram. Hətta xəbərdarlıq da edirəm ki, pis oxusanız, süründürəcəm (gülür). Oxusunlar, bir söz demirəm, amma olduğu kimi. Bəzi nadanlar var ki, “cütlənmiş zər” əvəzinə, “cütləşmiş zər” oxuyurlar. Ay başınıza dönüm, cütləşmək başqa şeydir. Üstəlik, mahnıları  aranjimançılara verib qənbərqulu da çıxarmasınlar. Axı, mahnılarımda aranjimana da ehtiyac yoxdur, zatən özlərində var da. 1978-ci ildən bu yana yaratdığım o janrda hər şey var.

 

– Sizdən əvvəl və sonra da qruplar yarandı. Amma “Röya” uzun yaşadı.

– Qrup yaratmaq və saxlamaq çətindir. Amma “Röya” yarandı və yaşadı. Çünki mayasında istək var idi, sevgi var idi. Bax, mahnımı oxuyub populyarlaşan “Dərviş band” qrupu neçə ilərdir yaranıb. Tanıyan var idi o qrupu? Yox. Neynədilər? Niyaməddinin mahnısını oxudular ki, bəlkə məşhurlaşalar.

 

– Belə görürəm ki, ifalarını bəyənmirsiniz.

– Demədim ki, xoşuma gəlmədi. Ümumən yeniliyi qəbul etmək çətin gəlir. Ya musiqi düşüncəsi zəif olan insanların arxasınca getməlisən, ya da onları öz arxanca aparmalısan. Sevinirəm ki, illər sonra da yeni nəsil, tam başqa musiqi və duyumu olan nəsil də məni tanıyır, ifalarımı sevir, təbliğ eləyir.

Söhbətləşdi: Həmidə Nizamiqızı