Azad edilmiş ərazilərdə mədəni infrastrukturun bərpası üzrə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib

 

Xəbər verildiyi kimi, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə səfər edib. Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsində iştirak etmək üçün Azərbaycana gələn xanım Emma Nikolsonun budəfəki səfəri də iki ölkə arasında təkcə iqtisadi münasibətləri deyil, eyni zamanda humanitar sahədə əməkdaşlığın geniş spektrini əhatə edir.

Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb, o cümlədən Britaniya Şurasının (British Council) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihə və proqramların əhəmiyyəti qeyd olunub.

Azərbaycanın mədəni irsinin qorunması və dünyaya təqdim edilməsində Böyük Britaniya ilə əməkdaşlığın önəmi vurğulanıb, gələcəkdə musiqi, film sənayesi, muzey, heykəltəraşlıq, ədəbiyyat sahələrində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın erməni işğalından azad olunmuş torpaqlarında dağıdılmış mədəni infrastrukturun, eləcə də heykəltəraşlıq nümunələrinin bərpası ilə bağlı ekspertlərin cəlb edilməsi, yeni metodikaların tətbiqi məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 2016-cı ildən bu yana Azərbaycana dəfələrlə səfər edib və bu səfərlər zamanı ikitərəfli mədəni əlaqələrə diqqət ayrılıb, xanım Nikolson Bakıdakı aparıcı mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub. Həmçinin onun Vətən müharibəsindən (2020) sonra ölkəmizə səfərləri əsnasında işğaldan azad edilən ərazilərdəki vəziyyət, otuz ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən xalqımızın mədəni irsinə qarşı həyata keçirilən vandalizm aktları, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə aparılan geniş quruculuq işləri nəzərə çatdırılıb. 2022-ci ildə Emma Nikolson Milli İncəsənət Muzeyinin “Mədəniyyətimizin incisi Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” sərgilərini ziyarət edib. Bu günlərdə, 2023-cü il mayın 25-də isə Böyük Britaniyanın Baş nazirinin nümayəndəsi Londondakı dünyaca məşhur Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan incəsənəti gecəsində iştirak edib.