30 may – 2 iyun tarixlərində Nepalın Pokhara şəhərində keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (Pacific Asia Travel Association – PATA) illik sammitində ölkəmiz də təmsil olunur. Tədbirdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Dövlət Turizm Agentliyi (DTA) Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov iştirak edir.

DTA-dan bildirilib ki, Florian Zenqstşmid mayın 31-də “Məsuliyyətli turizm sənayesi üçün çağırışlar və imkanlar” adlı sessiyada panel spikeri qismində iştirak edib. O, çıxışı zamanı Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində atılan addımlar, quş müşahidəçiliyi və gəzinti marşrutları kimi dayanıqlı turizm təkliflərinin inkişaf etdirilməsi, ekoloji cəhətdən təmiz təcrübələrin təbliğinə diqqət yetirilməsi, eyni zamanda yerli mətbəx və qədim üsulların qorunmasını dəstəkləyən “Slou Fud” layihəsi kimi təşəbbüslər barədə söz açıb.

DTA-nın şöbə müdiri Məhəmməd Muradov PATA-nın regionda turizmin gələcəyi və qərarların qəbulu prosesinə həsr olunmuş hökumət nümayəndələrinin iclasında iştirak edib.

Qeyd edək ki, PATA-nın illik sammiti turizm sənayesinin inkişafındakı problemləri və fürsətləri müzakirə etmək üçün dövlət və özəl sektor təmsilçilərini bir araya gətirən platformadır. Azərbaycan PATA-ya 2019-cu ildə üzv olub.