İyunun 3-də Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək

 

Türkiyədə mayın 14-də keçirilmiş parlament (Türkiyə Böyük Millət Məclisi) seçkilərinin və mayın 28-də keçirilmiş prezident seçkilərinin 2-ci turunun yekun nəticələri açıqlanıb.

Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) iyunun 1-də açıqladığı məlumata görə, prezident seçkilərinin 2-ci turunda ümumilikdə 52 milyon 93 min seçici səs verib, səsvermədə iştirak 85,72 faiz təşkil edib. Yekun rəsmi nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 52,18 faiz, Kamal Kılıçdaroğlu 47,82 faiz səs toplayıb.

YSK bir gün öncə parlament seçkilərinin yekunlarını da elan edib. Beləliklə, 600 yerlik TBMM-də “Cumhur İttifaqı” seçki bloku – hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 268, onun əsas müttəfiqi Milliyyətçi Hərəkat Partiyası 50, “Yenidən Rifah” Partiyası isə 5 yer olmaqla ümumilikdə 323 mandat əldə edib. Müxalif partiyalardan CHP 169 yer (o cümlədən CHP siyahısı ilə seçkiyə qatılmış dörd partiyadan 40 millət vəkili), Yaşıl Sol Partiya 61, İYİ Partiya 43, Türkiyə İşçi Partiyası 4 yer qazanıb.

İyunun 2-də 28-ci dönəm TBMM üzvlərinin, iyunun 3-də isə növbəti müddətə dövlət başçısı seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə bir sıra ölkələrin dövlət başçılarının qatılacağı da bildirilir.