50-yə yaxın ölkə lideri Moldovada “Avropa siyasi birliyi” sammitində bir araya gəlib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib.

Mayın 31-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edilib, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunulub, əlaqələrimizin perspektivləri müzakirə olunub. Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib. Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulanıb.

Həmin gün Prezident İlham Əliyev Kişineuda Moldovanın Baş naziri Dorin Reçan ilə də görüşüb.

***

İyunun 1-də Moldovanın paytaxtı Kişineudan 35 kilometr məsafədə yerləşən qədim Bulboaka kəndində “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Zirvə toplantısına 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları qatılıb. Sammitdə sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparılıb.

Həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələri bir araya gətirən platforma olaraq “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu formatda ilk sammit ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

 

Azərbaycan-Ermənistan normallaşma prosesi

 

İyunun 1-də Kişineuda “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masa və işçi lanç təşkil olunub. Prezident İlham Əliyev hər iki toplantıda iştirak edib.

Həmin gün Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Görüşdən sonra açıqlama verən Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə növbəti danışıqların iyulun 21-də Brüsseldə olacağını deyib. “Bizim mayda Brüsseldə toxunduğumuz bütün mövzuları – təhlükəsizlik, sərhədlərin delimitasiyası və sülh sazişi ilə bağlı məsələləri müzakirə etmək imkanımız oldu. Bu, iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu. Bu, o deməkdir ki, biz çox çalışırıq və əlaqələrin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik”, – deyə o bildirib.