İyunun 2-də Heydər Əliyev Mərkəzində Xalq yazıçısı, kinodramaturq, Dövlət Mükafatı laureatı Maqsud İbrahimbəyova (1935-2016) həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimatı və ədibin hekayələri əsasında hazırlanmış “Bağçadakı rahat yer” tamaşasının nümayişi olub.

Əvvəlcə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru və yazıçının həyat yoldaşı Anna İbrahimbəyova təqdim olunan kitab haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Maqsud əbədidir” (“Максуд навсегда”) kitabı Azərbaycan və rus dillərində hazırlanıb. Sənədli povest janrındakı kitab Maqsud İbrahimbəyovun zəngin həyatı barədə məlumatları çatdırır. Kitabın müəllifi Əməkdar jurnalist Nadejda İsmayılova Maqsud İbrahimbəyovla 60 ildən çox dostluq edib. Kitab təkcə Maqsud İbrahimbəyov haqqında olan xatirələrdən ibarət deyil, əsl bioqrafik romandır. Anna İbrahimbəyova belə bir möhtəşəm kitabın ərsəyə gəlməsinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirib.

Rusiyanın TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Maqsud İbrahimbəyov haqqında xoş təəssüratlarını bölüşüb: "Mənə görə Maqsud İbrahimbəyov təkcə Azərbaycan deyil, bütün dünya ədəbiyyatı üçün bir tapıntıdır. O, həqiqətən böyük yazıçı, Azərbaycan üçün fəxr olunası vətəndaş, həmçinin gözəl bir dost idi. Onun kitabları həmişə yaşayır və yaşayacaq...".

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli də Maqsud İbrahimbəyovun yaradıcılığından söz açıb: "İki həftə bundan əvvəl biz Anna xanımla Vilnüs şəhərində olduq. Mən orada yerli Filarmoniyanın səhnəsində konsert proqramı ilə çıxış edirdim. Anna xanımın təşəbbüsü ilə həmin Filarmoniyanın foyesində möhtəşəm sərgi təşkil olunmuşdu. Sadəcə görmək lazım idi ki, litvalilar bu sərgini necə heyranlıqla qarşılayırdılar. Maqsud İbrahimbəyov unudulmaz insanlardandır. Onun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb... ".

Kitabın Azərbaycan dilinə çevirən tanınmış yazıçı-tərcüməçi Əyyub Qiyas deyib: "Maqsud İbrahimbəyov nəyə görə hələ də oxucu üçün maraqlıdır? Nə üçün onun povestləri, hekayələri, pyesləri, filmləri bizi heyrətləndirir? Oxucu bütün bu suallara cavabı təqdim olunan kitabdan ala biləcək. Kitabın əsasını Maqsud İbrahimbəyovun öz fikirləri təşkil edir. Həyatı barədə mətbuata verdiyi müsahibələri, gördüyü sevimli işinə dair düşüncələri, dostları və həmkarları ilə apardığı şəxsi söhbətləri və s. Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün – ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Çünki onun təbliğ etdiyi dəyərlər əbədilik kateqoriyasındandır".

Tədbir iştirakçıları Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş filmlərin afişası və bu ekran əsərlərindən kadrlarını əks etdirən fotosərgi ilə də tanış olublar. Sərgidə “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Ən vacib müsahibə”, “De ki, məni sevirsən!”, “Bayquş gələndə”, “Yarımçıq qalmış mahnı” filmlərinin afişaları və fotolar yer alıb.

Daha sonra “Bağçadakı rahat yer” tamaşasının təqdimatı keçirilib. Rejissor Tərlan Rəsulov tərəfindən səhnələşdirilən eksperimental interaktiv tamaşa Maqsud İbrahimbəyovun “Bağçada rahat yer”, “Püstə ağacı” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanıb. Əsərlər bir neçə onillik bundan əvvəl yazılsa da, nəinki aktuallığını qoruyub-saxlayır, hətta öz antimüharibə ovqatı sayəsində gündəmi təşkil edir. Bununla yanaşı, köhnə Bakı, nəsillərarası varislik və Azərbaycan xalqının ən mürəkkəb şəraitdə istənilən sınaqların öhdəsindən gəlməyə qadir olan həmrəylik mövzuları hər üç hekayədə qırmızı xətlə keçir.

Rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Mələk Abaszadə, Şahin Növrəsli yer alıb. Musiqiçi və bəstəkar Şahin Növrəsli tamaşada həmçinin royal arxasında musiqi kompozisiyaları ifa edib.