Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı" (#İnsanHüquqlarıAylığı) elan edilib. Aylıq çərçivəsində Lənkəran Dövlət Dram Teatrında iki tədbir keçirilib.

Lənkəran Dövlət Universiteti (LDU), bu təhsil ocağı nəzdində Sosial və Aqrar-Texnoloji Kollec və Tibb Kollecinin müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirlərdə insan hüquqlarına dair məruzələr dinlənilib.

Məruzələrdən sonra teatrın truppasının ifasında mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası nümayiş etdirilib.

Səhnə əsəri gənc hüquqşünas Şöhrət Poladovun ucqar bir rayonun prokuroru kimi üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələrək cinayətkar dəstənin zərərləşdirilməsindən bəhs edir.

Tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Ayşən Əsədova (Sənəm), Aysel Babazadə (Surə), Emil Tağı (Almazov), Əlirza Şahbazi (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa edirlər.