Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifovanın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “İbtidai siniflərdə milli düşüncə və zövqün formalaşmasında musiqi tədrisinin rolu” adlı elmi seminarı keçirilib. 

Tədbiri universitetin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının professoru Zemfira Abdullayeva açaraq iştirakçıları salamlayıb.

BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan seminarın mövzusunun aktuallığını qeyd edib. O, orta məktəblərdə musiqi fənninin tədrisi ilə bağlı vəsaitlərdə müşahidə olunan səhvlərin aradan qaldırılması baxımından seminarın faydalı olacağını deyib.

Məruzəçi Könül Əhmədova-Yusifova ibtidai siniflərin musiqi dərsliklərində (I-IV siniflər) mövzu tərtibatı ilə bağlı müsbət və mənfi cəhətlərdən, mövzular arasında pərakəndəlik, məlumatlardakı qeyri-dəqiqlik və s. barədə fikirlərini bölüşüb. Məsələn, dərslikdə qaval, tar, kamança şəklinin altında  xanəndə, tar və kamança qeyd olunub. İ.S.Baxın orqan üçün tokkato və fuqasında “Bayatı-Şiraz” muğamından istifadə olunması, Avropa triosu və Azərbaycan triosu anlayışları, daha sonra muğam triosu əvəzinə musiqi triosu ifadələri və s. bu kimi yanlış məlumatlar qeyd olunur.

Musiqi alətləri ilə də bağlı pərakəndə məlumat verilir. Zərb alətləri bölümündə şagirdin 1-ci sinifdə keçdiyi alətlər təkrar olunur. Nəfəs alətləri bölümündə yalnız tütəyin şəkli təsvir olunur, simli alətlər bölümündə Avropa və milli alətlər təqdim olunur. Demək olar ki, əksər ümumtəhsil məktəblərində fortepiano aləti var, amma dərsliklərdə fortepiano aləti haqqında informasiya verilmir. Bunlar müəyyən bir sistemləşmə şəklində dərsliyə daxil olsa, daha yaxşı olardı.

Məruzəçi qeyd edib ki, təhsil pillələrinin heç birində, hətta musiqi müəllimliyi ixtisasında rəqs dərsi  tədris olunmur. Bəs rəqsi musiqi müəllimi necə tədris etməlidir? Təklif olundu ki, bu, ya müəllimlər tərəfindən müştərək aparılmalı və ya ayrıca bir dərs kimi tədris olunmalıdır.   

Dərsliklərdə bir bəstəkar haqqında müxtəlif bölmələrdə kiçik-kiçik informasiyalar verilir və bu da şagirdlərin qavraması üçün çətindir. Burada ardıcıl şəkildə, mövzu baxımdan sistemləşdirilmiş şəkildə məlumatlar öz əksini tapmalıdır. Daha sonra isə dərsdə keçilən bəstəkarlara uyğun olaraq mövzunun daxilində müəyyən paralellər, qarşılaşdırmalar aparılmalıdr.

Qeyd olunan məsələlərlə bağlı diskussiya aparılıb və ADPU ilə BMA əməkdaşlarının bu xüsusda birgə çalışması üçün razılığa gəlinib. ADPU-nun Musiqi və onun tədrisi texnologiyası kafedrasının professorları Zemfira Abdullayeva, Minarə Dadaşova  və kafedranın müəllim heyəti maraqlı təkliflər irəli sürüblər. Qərara alınıb ki, müəyyən təkliflər paketi hazırlanıb Təhsil Nazirliyinə təqdim olunsun. 

Seminarda ADPU-nun Musiqi və onun tədrisi texnologiyası kafedrasının heyəti, BMA-nın elmi-tədqiqat laboratoriyasının da əməkdaşları iştirak edirdi.    

Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə seminar aparıcısına, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim-professor heyətinə, laboratoriya  əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Fidan Nəsirova
BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşı