Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1984-cü il 6-7 sentyabr

 

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Bakıya növbəti gəlişi zamanı bir sıra orta ümumtəhsil və texniki peşə məktəblərinin vəziyyəti, tədris prosesi ilə tanış olub.

 

1985-ci il 22-23 fevral

 

Azərbaycandan SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərilən Heydər Əliyev Bakıda bir sıra görüşlər keçirib, o cümlədən Lenin adına Sarayda (indiki Heydər Əliyev Sarayı) seçicilərlə görüşüb.

 

1985-ci il 1 aprel

 

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Macarıstanın Moskvada keçirdiyi milli sərgisinin təntənəli açılış mərasimində çıxış  edib.

 

1986-cı il 31 iyul

 

İki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin Naxçıvanda büstü qoyulub.

Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı adına 1979-cu və 1983-cü illərdə layiq görülmüşdü. Bu adla iki dəfə təltif olunanların vətənində sağlığında büstü qoyulurdu. Büstün müəllifi görkəmli heykəltaraş Xalq rəssamı Ömər Eldarov müsahibələrindən birində söyləyir ki, Heydər Əliyev məsuliyyətli bir insan kimi bu məsələyə də çox diqqətlə yanaşmış və onu Moskvaya dəvət etmişdi. Büstü hazırlamaq üçün Heydər Əliyevin fotoları çəkilmişdi. Ömər Eldarov həmçinin Heydər Əliyevin iştirakı ilə natura eskizləri etmişdi. Büst 1986-cı ildə Naxçıvan şəhərindəki Möminə xatın meydanında ucaldıldı.

 

1986-cı il 18 noyabr

 

Heydər Əliyev Moskvada Azərbaycanın Xalq şairi, böyük söz ustadı Səməd Vurğunun 80 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib.

SSRİ rəhbərliyində gərgin iş rejiminə baxmayaraq Heydər Əliyev doğma respublikaya diqqətini əsirgəmir, o cümlədən dəstək göstərir, Sovet İttifaqının mötəbər salonlarında Azərbaycanın görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin yubileylərinə həsr edilən tədbirlərin keçirilməsinə nail olurdu. Belə tədbirlərdən biri də Moskvada İttifaqlar Evinin Sütunlu salonunda Səməd Vurğunun 80 illik yubileyi oldu.

***

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Heydər Əliyevin fəaliyyət dairəsinə iqtisadi, sosial-mədəni sahələrlə yanaşı, SSRİ-nin Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə münasibətləri məsələləri də daxil idi. Həmin ölkələrlə əlaqələrin inkişafı istiqamətində gördüyü işlər onu xarici siyasət sahəsində dərin biliklərə malik dövlət xadimi kimi bütün dünyada tanıtmışdı.

Siyasi Büronun iclaslarında  Sovet İttifaqı daxilindəki vəziyyət müzakirə ediləndə də Heydər Əliyev rəhbərliyin səhvlərini cəsarətlə söyləyirdi. Artıq SSRİ rəhbəri Mixail Qorbaçovda Heydər Əliyevin nüfuzuna qarşı siyasi qısqanclıq baş qaldırmışdı. O, çıxış yolunu onu vəzifədən uzaqlaşdırmaqda görürdü.  Bunun üçün isə “əsaslı səbəb” tapılmalı idi. 1987-ci ilin may ayında halı qəfil pisləşən Heydər Əliyevə müəmmalı infarkt diaqnozu qoyuldu. Məqsəd onun könüllü surətdə istefaya getməsinə nail olmaq idi. Nəticədə Heydər Əliyev SSRİ rəhbərliyindəki vəzifələrindən istefa verdi.

 

1987-ci il 21 oktyabr

 

Sov. İKP MK-nın plenumu “səhhəti ilə əlaqədar” Heydər Əliyevi Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən azad edib.

 

1987-ci il 24 oktyabr

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilib. Heydər Əliyev SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri təyin edilib.

Heydər Əliyevin istefasından bir neçə gün sonra Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə müsahibə verərək Dağlıq Qarabağı Ermənistana birləşdirməyin iqtisadi cəhətdən daha sərfəli olduğunu və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etdi. “L’Humanite” qəzetində dərc olunmuş həmin müsahibə ermənilərin Dağlıq Qarabağda separatçılıq hərəkatının başlanması üçün bir siqnal oldu.

Bunun ardınca Mixail Qorbaçov və onun ermənipərəst ətrafı Heydər Əliyevi gözdən salmaq üçün kampaniya başlatdı. İttifaq mətbuatında, eləcə də Moskvanın göstərişi ilə Azərbaycanda Heydər Əliyev əleyhinə kampaniyaya 70-80-ci illərdə vəzifədən çıxarılmış şəxslər fəal cəlb olunmuşdu.

1988-ci ilin noyabrında Heydər Əliyev öz xahişi ilə SSRİ Nazirlər Sovetinin nəzdində dövlət müşaviri vəzifəsindən də azad olundu, 1989-cu ilin aprelində isə “təqaüd yaşının çatması” səbəbilə Sov. İKP MK üzvlüyündən azad edildi.

 

1989-cu il 29 noyabr

 

“Teatralnaya jizn” jurnalında Heydər Əliyevin jurnalist Andrey Karaulova müsahibəsi dərc olunub. Heydər Əliyevin jurnalistin suallarına cavabları həmin dövrün hadisələri haqqında aydın təsəvvür yaradır.

Müsahibədə Heydər Əliyevin yaradıcı insanlara qayğıkeş münasibəti də əksini tapıb. Jurnalistin Azərbaycanda yaradıcı ziyalılar içərisində dissidentliklə bağlı sualına onun cavabı diqqət çəkir: “Ayrılıqda götürdükdə bizdə dissidentlər olmayıb. Lakin, bəlkə də, dissidentlər ona görə olmayıb ki, biz onları, ümumiyyətlə, axtarmırdıq...”.

Heydər Əliyevin müsahibədə səsləndirdiyi bu fikir isə xüsusilə aktualdır: “Həmişə insanı vəzifədə olarkən tənqid etmək lazımdır ki, o öz qüsurlarını düzəldə bilsin, işini yaxşılaşdıra bilsin. Təqaüdə çıxdıqdan sonra tənqid etmək xüsusi cəsarət tələb etmir... Mən təqaüddəyəm. İndi Azərbaycanda nə baş verdiyini, xalqımın həyatının necə mürəkkəbləşdiyini böyük təəssüf hissi ilə izləyirəm. Bütün bunlar məni son dərəcə ağrıdır...”

Heydər Əliyev bu fikirləri söyləyəndə qarşıda Azərbaycanı böyük təhlükələr gözləyirdi...

Hazırladı: V.Orxan

(davamı var)