2-4 iyun tarixlərində Türkiyənin Alanya şəhərində 21-ci Beynəlxalq Turizm və İncəsənət Festivalı keçirilib. Alanya Bələdiyyəsi tərəfindən “Türkiyə Cümhuriyyətinin 100 illiyində türk cümhuriyyətləri” mövzusunda təşkil olunan festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib.

Festivalın açılışı çərçivəsində rəsmi şəxslərin iştirakı ilə Alanyadakı Atatürk abidəsinin önündən başlayan təntənəli yürüş türk xalqlarının folklorunu, milli geyimlərini və musiqi mədəniyyətini əks etdirən bədii proqramın müşayiəti ilə gerçəkləşib.

Mərasimdə Alanya Bələdiyyəsinin sədri Adem Murat Yücel, türk əməkdaşlıq təşkilatlarının rəhbər və nümayəndələri, türk dövlətlərindən rəsmilər və mədəniyyət xadimləri, media mənsubları iştirak ediblər.

Günay Əfəndiyeva çıxışında hər il Alanyada xüsusi mövzu altında keçirilən festivalın bölgənin mühüm turizm və mədəniyyət mərkəzi olduğunu bir daha sübut etdiyini, dünyaya sülh mesajını çatdırdığını vurğulayıb. O, 2023-cü ilin Türk dünyasında əlamətdar il olmasından bəhs edib. Bildirib ki, bu il Türkiyədə Cümhuriyyətin 100 illiyi, Azərbaycanda dahi lider Heydər Əliyevin 100 illiyi, Qazaxıstanda şair və mütəfəkkir Xoca Əhməd Yəsəvinin 930 illiyi, Qırğızıstanda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 95 illiyidir və bu yubileylər bütün Türk dünyasında qeyd olunur. Bu il həmçinin Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın göz bəbəyi Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” ünvanını daşıması ilə əlamətdardır.

Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun əsas missiyasının da ümumtürk mədəni irsinin mühafizəsi və tanıdılması vasitəsilə türk xalqlarının birlik və həmrəyliyinin gücləndirilməsi olduğunu vurğulayıb.

Çıxışlardan sonra mərasim iştirakçıları müxtəlif türk xalqlarının milli geyimlərinin və mətbəxinin nümayiş olunduğu çadırları ziyarət ediblər.

Festival çərçivəsində Türk dünyasının milli mədəniyyətini, musiqisini, rəqslərini əks etdirən rəngarəng tədbirlər keçirilib.