“Azərbaycan Bayrağı” ordenli şəhidin xatirəsi anılıb

 

İmişlidə rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid giziri Əli Quliyevin xatirəsinə həsr olunmuş “Sədaqətim şərəfimdir” adlı tədbir keçirilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Əli Quliyevin ömür yolundan danışıb. Qeyd olunub ki, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər, çəkilən filmlər, yazılan əsərlər onların adlarının əbədiləşdirilməsinə xidmət edir.

Sonra Əli Quliyevə həsr edilmiş videoçarx nümayiş olunub.

Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mövzulu mahnılar səsləndirilib.

Əli Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan qəhrəman 2020-ci il Vətən müharibəsində də ön sırada yerini alıb. O, Murovdağ, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərdə şücaəti ilə seçilib. Oktyabrın 27-də Xocavənd rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.