Uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, estetik zövqünün formalaşdırılması hər zaman aktual məsələ olub. Bu istiqamətdə fəaliyyətin təşkili üçün müvafiq mərkəzlər yaradılır, dövlət qurumları tərəfindən müxtəlif tədbirlər, aksiyalar keçirilir. Son illər artıq özəl sektor da bu prosesə öz töhfəsini verməyə çalışır.

Bu baxımdan “Sənət” uşaq musiqi və incəsənət mərkəzinin fəaliyyətini qeyd edə bilərik. Fəaliyyətini “Uşaqlar gələcəyin aynasıdır!” devizi əsasında quran mərkəz son altı ay ərzində çoxsaylı layihələr həyata keçirib. Eyni zamanda mərkəzdə fəaliyyət göstərən uşaqlar ölkəmizdə təşkil olunan festival və mədəni tədbirlərdə uğurla iştirak ediblər.

Mərkəz tərəfindən iyunun 1-də Şuşada “Heydər Əliyev – Türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib. Festivalın məqsədi türk xalqlarının rəqs ənənələri ilə uşaqları tanış etmək və dünyada layiqincə öz mədəniyyətlərini təmsil etmək üçün platforma yaratmaqdır. “Sənət”in rəqs kollektivi festival tamaşaçılarının diqqətini çəkə bilib.

Rəqs kollektivi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 22 oktyabr – 8 noyabr tarixlərində keçirilən “Zəfər” musiqi və teatr festivalı çərçivəsində tədbirlərdə də uğurla iştirak edib.

Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalında “Sənət” mərkəzinin kiçik rəqs kollektivi müasir rəqs nominasiyası üzrə birinci yerə layiq görülüb.

Mərkəzin musiqi kursunda müxtəlif sahələr üzrə istedadlar yetişir. Aytən Nağızadə 15-29 iyun tarixlərində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən II Bakı Beynəlxalq Piano Festivalında bir sıra ölkələrin musiqiçiləriylə eyni səhnəni bölüşüb. O, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında reallaşan konsertdə festivalın diplomuna layiq görülüb.

Oktyabrın 7-də isə “Sənət” mərkəzinin konsert zalında keçirilən qala-konsertdə incəsənət ustalarımız – Xalq artisti Alim Qasımov, Əməkdar artist  Emil Əfrasiyab, tanınmış musiqiçilər Arslan Növrəsli, Nicat Məsimov, Elvin Novruzov, Alp Əliyev, Vurğun Vəkilov, Saleh Məmmədov, Elvin Bəşirov tamaşaçılara öz musiqi dünyalarından pay veriblər. Konsertdə Fikrət Əmirov, Vaqif Mustafazadə, Rafiq Babayev, Əzizə Mustafazadə və digər bəstəkarların əsərləri təqdim olunub.

İnanırıq ki, mərkəzdə incəsənət anlayışını qavrayan uşaqlar gələcəkdə mədəniyyətimizi dünyanın böyük səhnələrində təbliğ edəcəklər.

Lalə