Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin fortepiano ixtisası üzrə XI sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Zümrüd Əlizadə (müəllim Yelena Xəlilulina) ilk dəfə Nyu-Yorkun məşhur “Carnegie Hall” səhnəsində çıxış edib.

O, “BMTG Chamber orchestra”nın təşkil etdiyi V kontinentlər arası beynəlxalq pianoçular müsabiqəsi çərçivəsində noyabrın 11-də sənətsevərlərin qarşısına çıxıb. Gənc pianoçu BMTG (Brooklyn Music Teachers’ Guild) orkestrinin müşayiəti ilə ifa edib.

Maestro Kamilo Roxasın dirijorluğu ilə keçən konsertdə Z.Əlizadə Aleksandr Peskanovun “Azərbaycan rapsodiyası” və Adil Bəbirovun sonatasını məharətlə səsləndirib. Onun ifası tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, Z.Əlizadə görkəmli pianoçu və bəstəkar, Bruklin Müəllimlər və Musiqiçilər Gildiyasının (ABŞ) prezidenti Aleksandr Peskanovun dəvəti ilə beynəlxalq müsabiqəyə qatılıb.