İngilis dilində ədəbiyyat üzrə ən nüfuzlu təltif sayılan “Buker” mükafatının (The Booker Prize) 2023-cü il üçün qalibi irlandiyalı yazıçı Pol Linç (Paul Lynch) olub. O, faciənin astanasında olan ailənin və ölkənin hekayətini təsvir edən “Peyğəmbərin nəğməsi” (Prophet Song) romanına görə mükafata layiq görülüb.

Yazıçının sayca beşinci romanı Qərb demokratiyalarındakı iğtişaşları və Suriyada alovlanan münaqişə kimi fəlakətlərə laqeydliyi göstərməyə çalışır.

“Bu əsər emosional təsvirin təntənəsidir, ruhlandırıcı və cəsarətli romandır. “Peyğəmbərin nəğməsi”, hazırda mövcud olan sosial və siyasi təlatümləri əks etdirir. Oxucuları təsirli və həqiqətə yaxın əsərlə tanışlıq gözləyir, onlar kitabda əksini tapan tövsiyələri hələ uzun müddət xatırlayacaqlar” – mükafatın təşkilat komitəsi kitab haqqında bu sözləri yazıb.

“Oxucunu kitabdakı hadisələrə elə kökləmək istəmişəm ki, əsərin sonunda o bu problemi özlüyündə bütün təfərrüatı ilə hiss edə bilsin” – bunu isə Pol Linç “Buker” mükafatının saytında dərc olunan şərhlərində yazıb.

Müsabiqə təşkilatçılarının bildirdiyinə görə, o, Ayris Merdok, Con Banvil, Roddi Doyl və Enn Enraytdan sonra “Buker” mükafatına layiq görülən beşinci İrlandiya yazıçısıdır. Bundan əlavə, 2018-ci ildə bu mükafatı Şimali İrlandiya (Böyük Britaniyanın tərkibindədir) yazıçısı Anna Berns qazanıb.

1977-ci ildə İrlandiyanın Limerik şəhərində anadan olan Pol Linç yazıçılıq karyerasına 2013-cü ildə başlayıb, o vaxta qədər isə kino tənqidçisi kimi fəaliyyət göstərib. Özünün  sözlərinə görə, onun yaradıcılığına Fyodor Dostoyevskinin “Yer altından məktublar”, Herman Melvillin “Katib Bartlbi”, Vilyam Folknerin “Mən ölərkən” əsərlərinin güclü təsiri olub.

“Buker” mükafatı 1968-ci ildə Buker-Makkonnel (Booker-McConnel) qida şirkətinin dəstəyi ilə təsis edilib. İngilis dilində yazan müəlliflərə verilən mükafatın məbləği 50 min funt-sterlinqdir.

2005-ci ildən isə mükafata əlavə olaraq “Beynəlxalq Buker mükafatı” (The İnternational Booker Prize) da təsis edilib. Bu mükafat ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. Onun da məbləği 50 min funt-sterlinqdir və müəllif ilə əsərin tərcüməçisi arasında bərabər bölünür. 2023-cü il üzrə bu mükafatın qalibləri bolqarıstanlı yazıçı Georgi Qospodinov və onun “Zaman sığınacağı” romanını ingilis dilinə tərcümə etmiş amerikalı Angela Rodel olub.