Milli İncəsənət Muzeyində sərgi

 

Milli İncəsənət Muzeyində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş sərgi açılıb. Dekabrın 15-də açılışı olan “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil olunub.

Muzeyin direktoru Şirin Məlikova sərgi barədə ətraflı məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə keçirilən sərgidə ümumlikdə 100-ə yaxın eksponat yer alıb. Bunlar Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Qızılı Xalçalar” qalereyasının kolleksiyasından təsviri və dekorativ-tətbiqi sənət, numizmatika nümunələri, foto və tarixi sənədlərdir.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova 2023-cü ilin tariximizdə bir çox vacib hadisələrlə yadda qalacağını deyib. Bu il ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olundu. İnanırıq ki, Prezident İlham Əliyevin dediyi “bir gün Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” fikri də reallaşacaq.

Nazir müavini qeyd edib ki, bu sərgi Qərbi Azərbaycan mədəniyyətinin geniş ictimaiyyətə çatdırılması və tarixi yaddaşın yenilənməsində, həmçinin dünyada tanıdılmasında mühüm rol oynayır. Qərbi Azərbaycanın qədim mədəniyyət nümunələri ilə zəngin olduğunu qeyd edən S.Yusifova əlavə edib ki, onların bir çoxu vandalizmə məruz qalıb, dağıdılıb, bəziləri isə saxtalaşdırılıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu sərgini böyük mədəniyyət hadisəsi adlandırıb. Bildirib ki, Qərbi Azərbaycanın böyük tarixi mədəni irsi var və bu irs haqqında məlumatları geniş kütləyə çatdırmaq mütləqdir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qərbi Azərbaycan ərazisində mövcud olmuş nadir sənət abidələrimiz zaman-zaman dədə-baba torpaqlarından deportasiya edilmiş xalqımızın buradakı izini silmək üçün dağıdılaraq misli görünməmiş vandalizmə uğramışdır. Məhv edilən dəyərli abidələr içərisində Azərbaycan memarlığının şah əsərlərindən sayılan İrəvan Sərdar sarayı da olub. Təqdim olunan ekspozisiyada ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş füsunkar interyeri fotoproyeksiya ilə canlandırılır. Arxiv fotoları Dövlət Rus Muzeyi və Gürcüstan Dövlət İncəsənət Muzeyindən əldə edilib. Həmçinin Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin saray üçün işlədiyi pannolarının surətləri (əsilləri Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır) və indiyə kimi işıq üzü görməyən divar rəsmlərinin eskizləri nümayiş olunur.

Sərgidə görkəmli rəssam Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdikləri vəhşiliklər nəticəsində yurd-yuvasından didərgin düşərək Naxçıvana sığınan insanları təsvir etdiyi “Qaçqınlar” silsiləsi təqdim edilir. Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar da eksponatlar sırasındadır.

Sərgi gələn il fevralın sonunadək davam edəcək.