Milli Kitabxananın dövri mətbuat arxivindən (6)

 

1970-ci il Azərbaycan üçün yubileylər ili idi. Azərbaycan SSR-in 50 illiyi, sovet dövlətinin qurucusu Leninin 100 illiyi təntənələrlə qeyd olunurdu. Təbii ki, bütün bunlar, ilk növbədə, siyasi-ideoloji önəm kəsb edirdi, amma eyni zamanda respublikanın mədəni həyatında da geniş şəkildə əksini tapırdı. Bununla yanaşı, mədəniyyət, ədəbiyyat sahələrində yubiley təlaşından nisbətən uzaq, sırf yaradıcı mühitdə də proseslər gedirdi.   

Mətbu xronikada bu dəfə həmin ilin fevralından, “Ədəbiyyat və incəsənət” qəzetinin bir sayından seçmələr etmişik. Yazılarda dövrün orfoqrafiyası saxlanılıb...

 

Bakı qonaqları gözləyir

 

V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə Bakıda və Azərbaycanın digər şəhərlərində SSR xalqlarının böyük incəsənət bayramı keçiriləcəkdir. “İncəsənət xalqa məxsusdur” devizi altında keçəcək bu bayramda qardaş respublikaların ən yaxşı musiqi kollektivləri və görkəmli incəsənət ustaları iştirak edəcəklər.

Musiqi bayramı münasibətilə Ümumittifaq radiosu və televiziyasının böyük simfonik orkestri, SSRİ xalq artisti, Lenin mükafatı laureatı İqor Мoiseyevin rəhbərliyi ilə SSRİ Dövlət Xalq Rəqsləri ansamblı, Belorusiyanın xalq çalğı alətləri və Latviyanın kamera orkestrləri, Estoniyanın “Layne” estrada ansamblı şəhərimizə qonaq gələcəklər.

Yubiley şənliyi günlərində musiqi həvəskarları ölkəmizin görkəmli incəsənət ustalarından SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Leonid Koqanı, SSRİ xalq artisti, Lenin mükafatı laureatı Emil Gilelsi, SSRİ xalq artistkası Bibigül Тulegenovanı da dinləyə biləcəklər. Bunlardan başqa, Azərbaycan, Gürcüstan, Ermənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan respublikalarının məşhur musiqi kollektivləri də incəsənət bayramında iştirak edəcəklər.

Yubiley şənliklərini səmərəli keçirmək üçün respublikamızda təşkilat komitəsi yaradılmışdır. Fevralın 11-də komitənin ilk iclası olmuşdur.

 

Yaradıcılıq hesabatları

 

Bu günlərdə Azərbaycan Yazıçılar İttifaqının rəyasət heyəti ilə ittifaqın ilk partiya təşkilatının birgə iclaslarında tənqidçi-ədəbiyyatşünas Əkbər Ağayevin və yazıçı Anarın yaradıcılıq hesabatları dinlənilib müzakirə edilmişdir.

Ə.Ağayev son illərdəki ədəbi fəaliyyətindən qısa məlumat verdi. М.İbrahimov, S.Rüstəm, R.Rza, H.Şərifov, C.Мəmmədov, Y.Əzimzadə, G.Hüseynoğlu çıxış edib göstərdilər ki, Əkbər Ağayev bacarıqlı tənqidçi, bacarıqlı tərcüməçi və Avropa ədəbiyyatının gözəl təbliğatçısıdır. Jül Vernin iki romanının, Bualonun poetikasının dilimizə tərcüməsi mədəni həyatımızda təqdirəlayiq bir hadisədir. Bununla yanaşı, çıxışlarda göstərildi ki, o, müasir ədəbiyyatımızın problemlərini də unutmasın, bugünkü yeni bədii əsərlərimiz barədə daha çox yazsın.

Yazıçı Anar bir sıra hekayə və povestləri ilə oxuculara tanışdır. Ötən il Gənc Tamaşaçılar Teatrı onun “Keçən ilin son gecəsi” adlı pyesini tamaşaya qoyub. Kinostudiyada yazıçının ssenariləri əsasında bədii və sənədli filmlər çəkilib. О, “Dədə Qorqud” dastanı mövzusunda və Cəlil Мəmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən əsərlər üzərində işləyir.

М. İbrahimov, Ə.Vəliyev, H.Şərifov, Ə.Kürçaylı, Ə.Ağayev, C.Мəmmədov, S.Azəri çıxış edib göstərdilər ki, Anar yenilik duyğusu ilə yaşayan, milli zəminlə bağlı bir yazıçıdır. Onun yaradıcılığında təbiilik, yenilik duyğusu güclüdür.

Yaradıcılıq hesabatlarının gələcəkdə də dinlənilməsi qərara alınmışdır.

 

Azərbaycan bəstəkarı Tehranda

 

Azərbaycanın məşhur bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirov Tehrana gəlmişdir. Bu yaradıcılıq ezamiyyəti dövründə bəstəkar İranın folklor musiqisi ilə tanış olacaq, İran poeziyasının görkəmli klassiki Sədiyə həsr edilən yeni iri kamera əsəri yaratmaq üçün materiallar toplayacaqdır.

İranın musiqi ictimaiyyəti sovet incəsənət xadimini böyük mehribanlıqla qarşılayıblar.

“Ədəbiyyat və incəsənət”, 14 fevral 1970-ci il