Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazovun iştirakı ilə Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbinin kollektivi Vətən Müharibəsi Qəhrəmanı, baş gizir Camal İsmayılovun ailəsini ziyarət edib.

Əvvəlcə qəhrəman şəhidin məzarı ziyarət edilib, əziz xatirəsi yad olunub.

Sonra şəhidin ailəsi ilə görüş keçirilib. Qonaqlar şəhidin atası Vidadi İsmayılova doğum günü münasibətilə təbriklərini çatdırıblar. Ziyarət zamanı C.İsmayılovun şərəfli ömür yolundan, Vətənə olan sevgisindən və döyüşlərdə göstərdiyi şücaətdən söz açılıb. Qeyd edilib ki, Camal və Vətən uğrunda canını fəda edən onun kimi digər şəhidlərimiz gələcək nəsillər üçün əsl örnəkdir.

Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 21-də Qubadlı istiqamətindəki döyüşlərdə şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunmasına görə medallarına layiq görülüb.

Nurəddin