25-28 iyun tarixində Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Festivala 55 ölkədən 405 film göndərilib. Festivalın təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. Müsabiqə proqramına 37 ölkədən 68 film daxil edilib. Filmlər 6 kateqoriyada yarışacaqlar. Müsabiqə proqramında Azərbaycandan 7 film iştirak edir.
İyunun 25-də saat 17.00-da Nizami Kino Mərkəzində festivalla bağlı mətbuat konfransı, saat 19.00-da isə rəsmi açılış mərasimi keçiriləcək. Açılışda "Ölkə, region, şəhər" kateqoriyasından filmlər nümayiş olunacaq. 26, 27, 28 iyun tarixində hər gün saat 14.00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir. Festivalın bağlanış mərasimi ayın 28-də nəzərdə tutulur.
Festivala xaricdən 50 qonaq dəvət edilib. Onların bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri turizm filmləri festivallarının direktorlarıdır.
Festivalda "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" layihəsinin təqdimatı keçiriləcək. Layihə çərçivəsində Polşa kinematoqrafçılarının master-klassları, nəzəri dərsləri keçiriləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film istehsal edəcəklər.
Filmləri kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinin 3 üzvü Azərbaycan (Ayaz Salayev, Aynur Talıbova və Vüqar Şıxəmmədov), 4 üzvü isə xarici ölkələrin təmsilçiləridir (Aleksandr Kammel, Spomenka Saraqa, Tofiq Şahverdiyev, Can Özbatur).
Münsiflər heyətinin sədri rejissor, kinoşünas, prodüser, kulturoloq-nəzəriyyəçi, ssenarist, Əməkdar incəsənət xadimi Ayaz Salayevdir. 20-dən çox beynəlxalq konfransda məruzəçi kimi çıxış edib. 2013-cü ildən etibarən CBC TV-də aparıcı, "Azərbaycanfilm" kinostudiyasında baş redaktor kimi çalışır.
Münsiflər heyətinin üzvü Aleksandr Kammel Avstriya təmsilçisidir. "Film+Video" jurnalının baş redaktoru, "Beynəlxalq Kinoprokat"ın, eləcə də Münhendə "DFS kinoprokat"ın həmtəsisçisi, dünyanın ən məşhur turizm film festivallarının daxil olduğu CIFFT - Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktorudur.
Münsiflər heyətinin üzvü Aynur Talıbova "Bura Azərbaycandır", "Yol", "Sən də bacararsan" layihələrinin, 150-yə yaxın televiziya verilişinin, 10-dək telefilmin, "Azərbaycanı tanı", "Azərbaycanı kəşf et" kitablarının müəllifidir.
Türkiyə təmsilçisi Can Özbatur tanınmış rejissorların filmlərinə prodüserlik edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə turizm və təbliğat filmləri çəkib.
Rusiyadan olan Tofiq Şahverdiyev iki bədii filmin, onlarla sənədli filmin rejissoru və ssenari müəllifi, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimidir, iki dəfə Rusiyanın ən ali kino mükafatı sayılan "Nika"ya, bir sıra xarici mükafatlara layiq görülüb.
Xorvatiyadan Spomenka Saraqa "Balduğı Film" şirkətinin təsisçisidir. Prodüserliklə yanaşı bir çox filmlərin, xüsusilə də turizm filmlərinin rejissorluğunu həyata keçirib.
Münsiflər heyətinin üzvü Vüqar Şıxəmmədov Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Təbliğat sektorunun müdiridir.
Münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.
I yer - Qızıl mükafat (diplom, mükafat və 2000 avro pul);
II yer - Gümüş mükafat (diplom və mükafat);
III yer - Bürünc mükafat (diplom və mükafat).
Festivalın ən yaxı filminə isə "Qran pri” mükafatı və 4000 avro pul təqdim ediləcək.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi tərəfdaşı “JW Marriot Absheron Baku”, informasiya dəstəkçiləri İctimai Televiziya və APA Holdinqdir. Festivalın təşkilati işlərini “Azanfilm” studiyası həyata keçirir.
Proqramla və münsiflər heyətinin üzvləri ilə bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından almaq olar.