Azərbaycanlı Hacı Fərhad Mirzənin bir ay əvvəl Ankarada çap edilmiş «Kəlamlar» («Özdeyişlər») kitabının təqdimat mərasimində 7 xarici ölkəni təmsil edən 20 nəfərdən çox elm, incəsənət və ədəbiyyat xadimi iştirak edirdi. Türkiyə, Almaniya, Belçika, Gürcüstan, Makedoniya, İran və Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş qonaqlar Hacı Fərhadın Bakıda və Ankarada böyük tirajla, dəfələrlə çap edilmiş kitabı haqqında əhatəli söhbət açmış, təqdiredici fikirlər söyləmişlər.
   
   Tədbirdə Türk Dünyası Araşdırmaları Uluslararası Akademiyasının Azərbaycan təmsilçisi, «Vektor» Beynəlxalq Elm Mərkəzinin prezidenti, professor Elçin İsgəndərzadə, İordaniyanın Türkiyədəki fəxri konsulu Ömər Kaplan, KİBATEK-in prezidenti Fəyyaz Sağlam, Təşəbbüskar Ədəbiyyat və Sənət Cəmiyyətinin prezidenti Əminə Sevinc Öksüzoğlu və başqaları çıxış edərək kitabın elmi və mənəvi dəyərlərindən söz açmışlar. Bir neçə beynəlxalq mükafata - TDAUA-nın qızıl medalına, BMT yanında İctimai Təltiflər Şurasının A.S.Puşkin adına qızıl medalına, Avropa Təbiyyat Elmləri Akademiyasının Qottfrid Leybnits adına medalına və digər təltiflərə layiq görülmüş kitab öz müəllifinə daha bir mükafat qazandırmışdır. Belə ki, mədəniyyət həftəsi çərçivəsində keçirilən təqdimat mərasimində KİBATEK-in prezidenti Fəyyaz Sağlam məlumat vermişdir ki, rəhbərlik etdiyi qurumun Rəyasət Heyəti Hacı Fərhad Mirzəni ildə bir nəfərə verilən «Türk kültürünə hizmət» mükafatına layiq görmüşdür. Avropa, Asiya və Amerika qitələrini əhatə edən bu mükafat Hacı Fərhad Mirzəyə təqdim edilmişdir. Bununla da tədbirin rəsmi hissəsi başa çatmışıdır.
   Sonra azərbaycanlı ziyalılardan - xalq şairi Nəriman Həsənzadə, xalq artisti, professor Tofiq Bakıxanov, Bakı Musiqi Akademiyasının prorektoru, professorlar Gülnaz Abdullazadə, professorlar - Əsədulla Qurbanov, Maqsud Hacıyev, Məhəmməd Hüseyn Herisçi, əməkdar artist Zakir Mirzəliyev, əməkdar jurnalist İttifaq Mirzəbəyli və digər tanınmış elm, sənət, ədəbiyyat və mətbuat təmsilçiləri çıxış edərək «Kəlamlar» kitabının möhtəşəm bir amala xidmət etdiyindən danışmışlar. Hacı Fərhad Mirzə tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirmişdir. Tədbir tanınmış sənət adamlarının ifasında hazırlanmış ədəbi-bədii proqramla davam etdirilmişdir.