Ötən həftə Memarlıq və İnşaat Universitetində bu səpkidə tədbir keçirildi
   
   Son dövrlər ölkəmizdə memarlıq və inşaat işləri böyük vüsət alıb. Çoxlu yeni tikililər inşa edilir, yaşayış zonaları salınır, gözəl ictimai binalar, zallar tikilir. Bir sözlə, müasir memarlıq, demək olar ki, Azərbaycanın bugünkü həyatına daxil olub. Tarixin daş yaddaşı olan qədim tikililərlə yanaşı, yeni, modern memarlıq nümunələrinin yaranmasını böyük nailiyyət kimi qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, memarlıq sahəsində əldə edilən bu uğurların içərisində abidələrin bərpası, qorunması və istifadəsi də çox vacib məsələdir. Elə ötən həftə Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən sərgi-tədbir də bu mövzuya həsr olunmuşdu.
   
   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov və başqaları iştirak edirdilər. Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova iştirakçılara tədbirin məqsəd və məramını açıqladı: «Bu günlər universitetlərdə buraxılış işlərinin, magistr-dissertasiyalarının müdafiəsi gedir və tələbələr 4 illik, bəziləri isə də 6 illik zəhmətlərinin bəhrəsi, nəticəsi olan yekun işlərini komissiyaların müzakirəsinə çıxarırlar. Bizim universitetdə də həmin proses gedir və universitetimizin memarlıq fakültəsində başqa ixtisaslarla yanaşı, «Abidələrin bərpası və istifadə olunması» ixtisası üzrə də bu il onlarla tələbə bakalavr işlərini və magistr dissertasiyalarını müdafiə edirlər. Builki Dövlət Attestasiya Komissiyası məhz bu ixtisas üzrə olan işlərin səviyyəsinin xeyli yüksəlməsini və çox yaxşı olmasını qeyd etdi. Və biz belə bir fikrə gəldik ki, bu işlərin elə indi, hələ müdafiələr qurtarmamış, isti-isti sərgisini keçirək».
   Sonra məzun və dissertantların işlərindən ibarət sərgiyə baxış keçirildi. Qeyd edək ki, ilk nümayiş etdirilən iş- Şəmkirdəki alman yaşayış evlərinin bərpası layihəsi maraq doğururdu. Gələcək memar çayxana, kafe və digər məişət xidmətləri obyektlərinin yerləşdiyi binanın bərpadan sonra 4 ulduzlu hotelə çevrilməsi fikrini irəli sürürdü. Layihəyə şərh verən Gülçöhrə xanım bildirdi ki, abidənin İçərişəhər kimi tarixi və ya memarlıq dəyəri olmasa da, Almaniya- Azərbaycan mədəniyyəti arasında ümumi detalları axtarılması baxımından əhəmiyyətlidir. Rektor, eyni zamanda layihəni dövlətlər arasında müasir əlaqələrin möhkəmlənməsi nöqteyi-nəzərindən vacib olduğunu diqqətə çəkdi. Sonra Xırdalan şəhərində yerləşən İmam Baxış hamamının bərpası, Şəkidə Yuxarı karvansarayın, Gəncədə Şah Abbas məscidinin, XVIII əsr Şəki xanları sarayının bərpadan sonrakı müasir funksiyaları ilə bağlı layihələr təqdim olundu. Şəhər mədəniyyətimizin nüvəsi olan İçərişəhər də gələcək memarların diqqətindən yayınmamışdı.
   Layihənin müəllifi Aynur xanım bildirdi ki. İçərişəhərin bərpasından sonra da bəzi məscidlərə düzgün təyinat verilməyib. Ümumi yanaşma odur ki, abidələr bərpadan sonra öz təyinatlarına uyğun olaraq istifadə olunsun, şəhər muzey kimi deyil, canlı fəaliyyət göstərsin.
   Şəkinin İçərişəhərinin bərpası üzrə layihənin maketi xüsusilə cəlbedici idi. Gələcək memar irəli sürdüyü layihədə bu şəhərin ən qədim abidələrinin toplaşdığı məkandan turist obyekti kimi düzgün istifadə olunmasını göstərirdi. Abşeron ovdanlarının bərpası layihəsi də sərgiyə qatılanlarda maraq doğurdu. Sərgidə təqdim olunan bərpa layihələri nəzərdən keçirildikdən sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, tədbirin onlar üçün yeni tapıntı olduğunu və mədəni irsimizin bərpasında gələcək memarlardan faydalanmağın vacib olduğunu diqqətə çəkdi. Bir sözlə sərgi, hər kəsdə dərin təəssürat yaratdı.    

   MEHPARƏ