İyulun 22-də Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsində (AMİMHİRK) Milli Mətbuat Günü ilə bağlı tədbir keçirildi.
   
   Mərasimi komitənin sədri Cəmilə Səttarova açaraq əsası maarifçi Həsən bəy Zərdabi tərəfindən 134 il əvvəl qoyulan milli mətbuatımızın bu günündən danışdı: “Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda milli mətbuatın inkişafı və formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olub. O, mətbuatın problemlərini yaxından öyrənmək məqsədi ilə müntəzəm olaraq KİV rəhbərləri ilə görüşlər keçirmiş və problemlərin aradan qaldırılması üçün lazımi göstərişlər vermişdir. Bunun nəticəsi kimi indi respublikamızda 3 min 600-dən artıq KİV qeydiyyatdan keçib. Heydər Əliyevin tövsiyəsi ilə “KİV haqqında” qanun təkmilləşdirilib və Azərbaycan Mətbuat Şurası yaradılıb.
   Bu yöndə işlər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci ildə dövlət başçısı tərəfindən “Əməkdar jurnalist” adı bərpa edilmiş və bir qrup jurnalist bu fəxri ada layiq görülüb. “Əkinçi”dən başlanan milli mətbuat öz inkişafını sonrakı dövrdə Azərbaycan maarifçilərinin simasında davam etdirib. Azərbaycanın indiyədək hafizələrdə qalmış, elmdə, təhsildə, mədəniyyətdə, mənəviyyatda tanınmış, adı əbədiləşmiş insanlarının əksəriyyəti, demək olar ki, xalqın qarşısında duran vəzifələrin reallaşması sahəsində mətbuat səhifəsindən istifadə etmişlər.
   Buna misal kimi, C. Məmmədquluzadə, N.B. Vəzirov, M. Ə. Sabir, M.Ə.Rəsulzadə və digər qabaqcıl Azərbaycan ziyalılarının adlarını xatırlamaq kifayətdir. Müstəqil jurnalistika cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilib. Bu gün Prezident İlham Əliyevin Azərbaycan jurnalistikası qarşısında ən böyük xidməti ulu öndərin yolunu davam etdirməsi və Heydər Əliyevdən sonra Azərbaycan mediasının tarixinə düşən müstəqil mətbuatın inkişafı ilə bağlı Dövlət konsepsiyasının qəbul olunması və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır”.
   Tədbirdə milli dəyərlərin ön plana çəkildiyi müasir dövrdə qloballaşma, texniki nailiyyətlərlə yanaşı, jurnalist etikası və digər mühüm meyarlardan danışıldı, fikir mübadiləsi aparıldı.
   Sonda jurnalistlərə komitənin mükafatları təqdim olundu.