İyulun 28-29-da Minskdə MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin mədəniyyət sahəsində əməkdaşlığı Konsepsiyası layihəsinin tamamlanması üzrə ekspert qrupunun iclası keçirilir.
   MDB İcraiyyə Komitəsi mətbuat xidmətinin məlumatına görə, sənəd mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin məqsədləri, vəzifələri və əsas istiqamətlərinə Birlik ölkələrinin razılaşdırılmış ümumi rəsmi baxışlarını əks etdirir. Belə ki, sənəddə mədəni irsin qorunması, teatr, musiqi və təsviri incəsənətə kömək göstərilməsi, mədəniyyət sənayesinin inkişafı üzrə əməkdaşlığın əsas prinsipləri təsbit edilib.
   Konsepsiyanın həyata keçirilməsi milli mədəniyyətlərin qorunması və inkişaf etdirilməsinə dair MDB dövlətlərinin səylərinin birləşdirilməsi üçün şərait yaradacaq.
   Planlaşdırıldığına görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistandan nümayəndələr iştirak edirlər.