Üç gün davam edəcək milli seminar bu mövzudadır
  
   «Bakı İslam Mədəniyyətinin Paytaxtı- 2009» ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi silsilə tədbirlər davam edir. Dünən Şirvanşahlar tarix-memarlıq qoruq-muzeyində «Azərbaycan Respublikasında mədəni irs sahəsində çalışan mütəxəssislərin peşə səviyyəsinin artırılması» adlı milli seminar da bu qəbil tədbirlər sırasına daxildir. Qeyd edək ki, Milli Seminar Mədəniyyət və Turizm Nazirliyi və İSESKO-nun Tehrandakı regional ofisi ilə birlikdə keçirilir.
  
   Tədbiri giriş nitqi ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, son illər Azərbaycanla İslam ölkələri arasında mədəni əlaqələr inkişaf edir: «Təsadüfi deyil ki, bu il Azərbaycanda Mərakeş və İordaniyanın Mədəniyyət Günləri keçiriləcək».
   Sonra mədəni irsin mühafizə olunmasından danışan nazir müavini qeyd etdi ki, son illər Azərbaycanda mədəni irsin qorunmasına xüsusi diqqət ayrılır: «Məsələn, Qobustan qoruğu YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil olub».
   Azərbaycanda üç günlük səfərdə olacaq İSESKO-nun Tehrandakı regional ofisinin sədri Abbas Sədri isə öz çıxışında Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunmasını təqdirəlayiq hal kimi dəyərləndirdi: «Azərbaycanda çox qədim mədəni irs qorunur. Bu irsin bir hissəsi də İslam mədəniyyətinə aiddir. İSESKO-nun tədbirləri sırasına daxil olan və üç gün davam edəcək seminarda da müzakirələr zamanı İslam mədəniyyətinin mühafizəsi, inkişafı yolları diqqət mərkəzində olacaq».
   Seminarda həmçinin mədəni irsin mühafizəsi sahəsində istifadə olunacaq yeni doktrinanın müzakirə ediləcəyini də diqqətə çəkən qonaq, bu sahədə müxtəlif üsul və metodların da çözüm obyekti olacağını istisna etmədi: «Düşünürük ki, bütün bunlar mədəni irsin qorunmasına daha effektli təsir edəcək. Çünki yeni texnologiyalar və onların mədəni irsə təsiri barədə müzakirələr diqqət mərkəzində olacaq».
   Abbas Sədri mədəni irsin mühafizəsi sahəsində İslam dünyası ölkələri arasında əməkdaşlığın müzakirə olunacağını da qeyd etdi.
   Üç gün davam edəcək seminar Qobustan Milli Tarix-Bədii və Qala Dövlət tarix-etnoqrafiya qoruqlarının müdirləri - tarix elmləri namizədləri Məlahət Fərəcova və Fikrət Abdullayev tərəfindən aparılacaq.
  
   MEHPARƏ