10-12 sentyabr tarixində paytaxtımızda keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında yerli və beynəlxalq təşkilatlara məxsus nəşriyyatların çap və poliqrafiya məhsulları nümayiş olunurdu. İlk dəfə keçirilməsinə baxmayaraq, paytaxt əhalisinin marağı istər nəşriyyatları, istərsə də "oxucu kitaba maraq göstərmir" fikrində olanları sözün həqiqi mənasında heyrətləndirdi. Muzey Mərkəzinə - sərgi-yarmarkaya axışan izdiham yazılan və deyilənlərə canlı sübut idi.
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgi-yarmarkanın keçirilməsinin iki məqsədə xidmət etdiyini bildirdi. Əvvəla Azərbaycanın nəşriyyat, poliqrafiya işini dünya bazarına, dünya məkanına çıxarmaq geniş oxucu ictimaiyyətinin diqqətini Azərbaycandakı poliqrafiya işinin səviyyəsinə yönəltmək, ikincisi isə, bu cür sərgi-yarmarka ilə əhalinin kitaba marağını, özəlliklə də gənclərimizin kitaba sevgisini artırmaq.
   Bu möhtəşəm tədbiri Azərbaycan dövlətinin mədəniyyət siyəsətinin təbliğində uğurlu addım adlandırmaq olar. Bu niyyət və məqsədə nə dərəcədə nail olunduğunu sərgidə iştirak edən yerli və beynəlxalq kitab qurumları təmsilçilərinin özlərindən eşitməyə cəhd göstərdik. 
    
   "Altun kitab" MMC-nin direktoru Rafiq İsmayılov: "Bu tipli sərgi-yarmarkalar kitab bazarının inkişafına stimul, naşirlərə isə gələcək sərgilərə qatılmaq üçün bir mayak olacaq. Sərgilər kitab sektorunu inkişaf etdirir. Bu baxımdan düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyi bu ənənəni davam etdirməlidir. Sərginin həm də yarmarka xarakterli olması xüsusilə əhəmiyyətlidir. Sovet dönəmində kitaba həmişə sosial-mədəni məfhum kimi baxıblar, kitab nəşrinin iqtisadi yönümü unudulub. Çox təəssüf ki, bizdə satış üçün işləyən naşirlər azdır. Bu sərgidə məhz yarmarkanın olması əksər naşirləri satış üçün kitabları çap etməyə meyilləndirəcək". Rafiq İsmayılovun sözlərinə görə, kitab bazarının qənaətbəxş səviyyədə olmamasının müxtəlif səbəbləri var:"Qapalı dairə yaranıb sanki. Naşirlər deyir, insanlar kitab almır, oxucular da deyir, mağazalarda yaxşı kitab yoxdur. Kitab nəşri artıq üzücü, yorucu bir işə çevrilib. Bu bazarda 4-5 il əziyyət çəkib kitabların adlarının sayını 50-60-a çatdırmalısan ki, gözə nəsə görünsün. Bu baxımdan nəşriyyatlar bu riski nəzərə almalıdırlar. Bir neçə kitab buraxıb, sonra da ?satılmadı? deyə həvəsdən düşmək yox, daim işləmək lazımdır". 
    
  "Qismət" Nəşriyyat, Poliqrafiya və Ticarət LTD-nin baş direktoru Zahid Məmmədrzayev isə kitab bazarını stabil vəziyyətə çatdırmaq üçün naşirlərlə mütəmadi olaraq dəyirmi masa arxasında müzakirələr aparılmasının vacibliyini vurğuladı: "Nə qədər optimist olmağa çalışsaq da, oxucu probleminin mövcudluğunu, kitaba marağın azaldığını da danmaq qeyri-mümkündür. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Ancaq əminəm ki, bu da zamanla öz yoluna düşəcək. Avropa, Türkiyə kitabxanalarında gördüyüm çoxsaylı oxucu auditoriyasının bir gün Azərbaycanda da olacağına inanıram.
   Kitab bazarının lazımi səviyyədə olmamasının digər səbəbi də nəşrə verilən kitablarda bədii üslubun, mənəvi, islami dəyərlərin, tarixi gerçəkliklərin gözlənilməməsidir. Müraciət edən müəlliflərin kimliyindən asılı olmayaraq nəşriyyat rəhbərliyi keyfiyyətsiz ədəbi materiallara "yox" deməyi bacarmalıdır.
   
   "Şərq-Qərb" ASC-nin satış-xammal şöbəsinin rəisi Anar Namazov bildirdi ki, təmsil etdiyi nəşriyyatda müxtəlif sahələri əhatə edən kitablar çap olunur, lakin onların tanıtım məhdudluğu var: "Bu sərgi-yarmarka nəşrlərimizin tanıtımında, oxucu və naşir arasında körpünün qurulmasında böyük rol oynadı. İnsanların bu sərgiyə marağı həm də onların intellektual səviyyəsinin göstəricisidir. Nəşriyyatımızda Azərbaycan və dünya klassiklərinin əsərləri nəşr edilir. Bu sərgi-yarmarkada isə ümumilikdə 420 adda kitabımız nümayiş olunur".
   
   I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Hərbi Nəşriyyat"ı da təmsil olunurdu. Nəşriyyatın əməkdaşı Nuridə Həsənovanın sözlərinə görə, "Hərbi nəşriyyat" əsasən Silahlı Qüvvələrin şəxsi heyəti üçün zəruri olan ədəbiyyatların nəşri ilə məşğuldur: "Sərgimizdə 100 kitab nümayiş olunur. Kəmiyyət üstünlüyünü hərbi nəşrlər təşkil edir. Bunlar arasında nizamnamələrimiz, hərbi qulluqçuların geyim formaları qaydaları haqqında, soyqırım, tarixi şəxsiyyətlərlə, Qarabağ münaqişəsi, neft tarixi, generallarımızla bağlı kitablarımız nümayiş olunur ..." 
   Qeyd edək ki, "Hərbi Nəşriyyat"ın çap məhsulları Azərbaycan dili ilə yanaşı, rus dilində də çap olunur.
   
   Azərbaycanda kitab sərgilərinin ilk təşkitalçılarından olan Bakı Kitab Klubunun direktoru Elxan Rzayev sərginin genişləndirilməsi üçün təxminən iki il əvvəl Mədəniyyət və Turizm Nazirliyinə etdiyi müraciəti xatırladı: "Bizim ən böyük arzu və istəyimiz Azərbaycan kitabının təbliğini beynəlxalq arenaya çıxarmaqdır. Sərgi-yarmarka bizi çox sevindirdi. Ona görə ki, Bakı Beynəlxalq Sərgi-Yarmarkası artıq beynəlxalq tədbirlər siyahısına salınıb. Bundan sonra bu tədbir Bakıda iki ildən bir keçiriləcək".
   
   I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında çap məhsullarını nümayiş etdirən xarici qonaqların təəssüratları da maraqı idi.
   
   Tatarıstan Respublikası Milli Kitabxanasının direktoru Nail Əkram ulı Kambeyev bildirdi ki, ölkəsi üçün ayrılan stenddə tatar müəlliflərinin mədəniyyət, tarix, siyasət və fəlsəfəyə dair əsərlərini, 1920-ci ildən sonra mühacirət həyatı yaşamış tatar ictimai və siyasi xadimlərinin, şair və yazıçılarımızın əsərləri nümayiş olunur : ?Baxın, 1000 il əvvəl yazıb-yaratmış Qul Əlinin "Yusuf və Züleyxa" poeması, Qayaz İshaqin, Abdulla Tukayın kitabları, Musa Cəlilin "Moabit dəftəri", uşaqlar üçün tatarca kitablar... Tatarıstanda 50-dən çox nəşriyyat fəaliyyət göstərir. Onlardan 15-ə yaxını dövlət nəşriyyatıdır, qalanlar özəl və kommersiya qurumları kimi fəaliyyət göstərir. Son illər tatar nəşriyyatlarının çap məhsullarının poliqrafik keyfiyyətləri dünya standartlarına cavab verir. Bu nəşrlər Rusiyada, eləcə də beynəlxalq yarmarkalarda sərgilənir?. Tatarıstan Milli Kitabxanasının direktoru sərgilənən kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə ediləcəyini də bildirdi.
   
   Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Lue Aubrynin hesab edir ki, kitab sərgisi mədəniyyətin ən bariz nümayişidir: "Kitab sərgilərini isə həm mədəni, həm də siyasi bir addım kimi qiymətləndirmək olar. Bu baxımdan ekspozisiyaları çox yüksək dəyərləndirirəm. Mən, müxtəlif kitabxanalarda, sərgilərdə olduğum üçün Azərbaycan nəşriyyatları ilə yaxından tanışam..." 
   
   İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin düşüncəsinə görə, hər ölkənin sərmayəsi onun kitablarıdır: "Bu sərgi-yarmarkanın önəmi milli mədəniyyətimizi ölkə xaricində təbliğ etməkdir. İki ölkə arasında əlaqələrin möhkəmlənməsi Azərbaycan və İran rəhbərliyinin istəyidir. Bu sərgidə iştirakımız da məhz həmin əlaqələrin kiçik bir nişanəsidir".
   
   Sevda BABAYEVA