Bakıda bu mövzuda konfrans keçirildi
   
   «Bakı İslam Mədəniyyətinin Paytaxtı» ili çərçivəsində Azərbaycanda bir sıra tədbirlər, beynəlxalq simpoziumlar, konfranslar keçirilməkdədir. Belə tədbirlərin paytaxtımızda keçirilməsi Azərbaycanı elmi-mədəni, siyasi müstəvidə Şərq və Qərb arasında körpüyə çevirib. Noyabrın 9-u və 10-da Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində "İslamda mədəniyyət və gözəllik amili" adlı beynəlxalq elmi-praktik konfrans da bu qəbildən olan tədbirlər sırasına aid idi.   

   Tədbiri açan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və doqquz ölkənin (Rusiya, Misir, Albaniya, İordaniya, Türkiyə, Macarıstan və s.) elmi-tədqiqat və müvafiq ali təhsil müəssisələrinin təmsilçiləri və rəhbərləri iştirak ediblər. Tədbirə başlamazdan əvvəl konfrans iştirakçıları muzeydə İslam mədəniyyəti nümunələrinin yer aldığı sərgi ilə tanış oldular. Sonra isə muzeyin Şərq zalında konfransın işinə start verildi.
   Toplantının bu il «Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009» ili çərçivəsində keçirildiyini deyən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, çıxışını ölkə prezidenti İlham Əliyevin bu sözləri ilə davam etdirdi: "Biz İslam aləminin yaxın olmasına, islam həmrəyliyinə çalışırıq, buna böyük ehtiyac var:" Ölkə prezidenti həmçinin bu mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirlərin İslam mədəniyyətinin nümayişi üçün mühüm rol oynayacağını qeyd edib. Məlumdur ki, İslam mədəniyyəti paytaxtı adını daşıyan şəhər zəngin tarixə malik olmalı, elmin, mədəniyyətin, ədəbiyyatın inkişafı sahəsində xüsusi naliyyətlərə malik olmalıdır. İslam mədəniyyətinə xüsusilə töhfə verməlidir. Bakı şəhərinin bu yüksək ada layiq görülməsi, İslam mədəniyyəti və elm sahəsində əhəmiyyətli xidmətlərinə islam abidələrinin qorunmasına, İslam irsinin zənginləşməsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir".
   Nazir müavinin sözlərinə görə, Bakı şəhəri İslam Mədəniyyəti Paytaxtı elan edildiyi il ərzində ölkəmizdə yüzlərlə tədbir, festivallar, konsertlər, müsabiqələr, sərgilər keçirilib, sənədli filmlər hazırlanıb və Azərbaycanda bir sıra İslam ölkələrinin mədəniyyət günləri keçirilib:"Cari ilin may ayında Bakı dünya mədəniyyətinin şah əsəri olan muğamın məkanına çevrilib. Və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə, Beynəlxalq Muğam Festivalının açılışı elə bu muzeydə, Şərq zalında təşkil olunub. Ötən həftə Dövlət İncəsənət Muzeyində Londonda yerləşən məşhur Viktoriya və Albert muzeyi ilə bağlı olan "İslam örtükləri" adlı sərginin açılışında iştirak etmişik. Bu sərgi mart ayına qədər davam edəcək. Çox istərdim ki, bu konfransın iştirakçıları həmin sərgi ilə tanış olsunlar".
    Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan çox əsrlik tarixə və özünəməxsus zəngin mədəniyyətə malikdir- deyən S.Məmmədəliyeva fikrini belə davam etdirdi: "Azərbaycanın milli mədəniyyətinin formalaşmasında İslamın böyük rolu vardı. Sivilizasiyalar arasında İslam mədəniyyətinin həmişə xüsusi yeri olub. Elm, təhsil, memarlıq, təsviri incəsənət, musiqi, poeziya, İslam dininə əsaslanmaqla ümumbəşəri nailiyyətlər əldə edib. İslam özündə ümumbəşəri dəyərləri birləşdirən humanist, tərəqqiyönlü və sülhpərvər dindir. İslam dininin düzgün mənimsənilməsində elmin və alimlərin əvəzolunmaz rolu olub. Bu baxımdan bugünkü konfrasın böyük əhəmiyyəti və önəmi var".
   "İslamda mədəniyyət və gözəllik amili" adlı beynəlxalq konfransın Bakıda keçirilməsinin heç də təsadüfi olmadığını deyən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirdi ki, Azərbaycan mədəniyyətlər qovuşuğunda yerləşən bir ölkə kimi Şərqin və Qərbin zəngin mədəni irsinin ən bariz nümunələrini özündə əks etdirir. Azərbaycan tolerantlığın qarşılıqlı mədəni mübadiləsi, həmçinin mədəniyyət sahəsində mədəniyyətlərarası dialoqun təzahürünü müvəffəqiyyətlə həyata keçirir. Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin önəmli bir hissəsi kimi, dünya mədəniyyəti tarixinə əvəzsiz töhfələr verib".
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İslam dininin tolerantlığından danışdı: «Əsrlər boyu bölgədə dini ayrı-seçkiliyə məruz qalmadan müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə İslama, bu dinə xas olan yüksək dözümlülük mədəniyyətinə minnətdar olmalıdırlar. Elm, təhsil və mədəniyyətə çox böyük əhəmiyyət verən İslam, əslində, bu anlayışları bir-birindən ayırmır. Əksinə insanları cəmiyyətin tərəqqisi üçün elmə və mədəniyyətə sahib çıxmağa təşviq edir. Bu baxımdan İslamı elm və mədəniyyət dini kimi xarakterizə edənlər tamamilə haqlıdırlar.
    İslam dininin mədəniyyət anlayışı ümumbəşəridir. Çünki İslam mədəniyyət sahəsində din, dil və irq məhdudiyyəti qoymur. Üstəlik müsəlmanları müxtəlif mədəniyyətləri öyrənməyə, müəyyən çərçivədə qalmamağa təşviq edir. İslamın hədəfi mədəni və gözəl olan hər bir anlayışı mənimsəyib, əməl etmək və ona sahib çıxmaqdır. Ona görə də, müsəlmanlar kimə məxsusluğundan asılı olmayaraq, gözəl olan maddi və mənəvi dəyərləri ilahi nemət kimi hər zaman qorumağa çalışmışlar".
   Rusiyanın Nijni-Novqorod İslam İnstitutunun rektoru Demir Muhaddinov, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Nadejda İmilyanova və digər qonaqlar da çıxışlarında Azərbaycanda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən bəhs etdilər.
   İki gün davam edən konfransın əsas istiqamətverici mövzuları “İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu”, “İslamda harmoniya - dünya ilahiliyinin ifadəsidir”, “İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu”, “Azərbaycan folkloru İslam kontekstində”, “İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi”, “Müasir gəncliyin tərbiyəsində İslamın rolu” və digərləri oldu.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar