Dünən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Film Fondunun yeni binasında Uşaq kino bayramı keçirildi. Uşaq ili çərçivəsində təşkil olunan tədbirdə bir sıra təqdimatlar edildi.
   
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov bildirdi ki, 2009-cu ilin Uşaq ili elan edilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər təşkil edib: «Bugünkü bayramın məqsədi də uşaqların incəsənəti sevməsinə və hərtərəfli böyüməsinə yardımçı olmaqdır».
   Heydər Əliyev Fondunun eksperti İlqar Mustafayev bildirdi ki, təmsil etdiyi qurum valideyn himayəsindən məhrum olan, dövlət qayğısına hər kəsdən daha çox ehtiyacı olan uşaqlardan öz diqqətini əsirgəmir. O, tədbiri bu diqqətin bir nümunəsi adlandırdı. Sonra Mədəniyyət və Turizm Nazirliyinin Heydər Əliyev Fondu ilə birgə hazırladığı «Bir nağıl söylə mənə» cizgi filmlərinin yeni toplusunun təqdimatı oldu. Burada Azərbaycanda istehsal olunmuş əksər cizgi filmləri toplanmışdı. «Mən kino çəkirəm» uşaq rəsmləri sərgisi də tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Daha sonra Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evinin açılışı oldu. Qeyd edildi ki, uşaqlar daima burada maraqlandıqları filmlərlə tanış ola bilərlər.
   Tədbirin üçüncü hissəsində isə rejissor Firəngiz Qurbanovanın «Nuş olsun» cizgi filminə ilkin baxış keçirildi.
   Bayramda uşaq evlərinin yetirmələri, uşaq problemləri ilə məşğul olan dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edirdilər.
   
   FƏXRİYYƏ