Dünən Bakı Dövlət Universitetində Türkiyənin Bakıdakı səfirliyinin və universitetin təşəbbüsü ilə «Türkiyənin mədəniyyət günü» adlı tədbir keçirildi. Tədbir başlamazdan əvvəl müəllim və tələbələr salonda nümayiş etdirilən Türkiyə və Azərbaycan müəlliflərinin birgə ərsəyə gətirdikləri kitablarla tanış oldular. Sonra tədbirin rəsmi hissəsi başlandı. Toplantını giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov tədbir iştirakçılarına minnətdarlığını bildirdi. O, qədim təhsil ocağının binası təmir olunduqdan sonra «Türkiyənin mədəniyyət günü» adlı tədbirin ilk mərasim olduğunu diqqətə çatdırdı : «Biz düşünürdük ki, təmirdən sonra bu böyük zalda hansı tədbiri keçirək. Öz-özlüyümüzdə qərara aldıq ki, Türkiyənin mədəniyyət günlərini düzənləyək. Tədbirin strategiyasını hazırlayıb Türkiyənin Bakıdakı səfirliyinə göndərdik və onlar da razılıqlarını bildirdilər». Sonra tədbirin əhəmiyyətindən danışan A.Məhərrəmov qeyd etdi ki, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın bu sayaq birgə toplantılar keçirməsi qarşılıqlı mədəni əlaqələr baxımından olduqca faydalıdır: «BDU-da təhsil alan 4 min tələbədən 1200 nəfəri türkdür. Qarşılıqlı təhsil əlaqələri iki ölkə arasında əməkdaşlığın genişlənməsində mühüm rol oyanır. Bu baxımdan çalışacağıq ki, belə toplantılar gələcəkdə də davam etdirilisin».
   Türkiyənin Bakıdakı səfiri Hülusi Kılıc isə BDU-nun türk dünyası üçün sənət məbədi olduğunu dilə gətirdi: «3 həftə əvvəl bu salonda BDU-nun 90 illiyi keçirilərkən biz də həmin tədbirin ən xoşdilək, ən səmimi iştirakçılar idik. Türkiyədən Azərbaycana gələn tələbələr çox doğma bir mühitdə və çox yaxşı təhsil alırlar. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Ölkələrimiz arasında mədəni əlaqələri gücləndirmək məqsədilə yaxın gələcəkdə Bakıda kitab evi açmağı planlaşdırırıq». Keçirilən tədbirə gəlincə, səfir bunu «Bayram günü» adlandırdı.
   Sonra BDU-da təhsil alan Azərbaycan və türk tələbələri arasında keçirilən şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı. Tədbirin bədii hissəsi isə tələbələrin konsert proqramı ilə davam etdirildi.
   
   Mehparə