Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiyası Abşeronda keçirildi
   
   Abşeron Rayon İcra Hakimiyyətinin konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətinə dair kollegiya iclası keçirildi. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev, Teymur Mehdiyev, Sevda Məmmədəliyeva, aparat rəhbəri Firudin Qurbanov və nazirliyin digər məsul şəxsləri, habelə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Şumqayıt şəhərinin və Abşeron rayonunun mədəniyyət işçiləri iştirak edirdilər.
   
   İclasdan əvvəl kollegiya üzvləri və qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan şəhər parkında ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoydular. Mərasim iştirakçıları Heydər Əliyev muzeyinin ekspozisiyası ilə də tanış oldular.
   Tədbiri giriş sözü ilə açan Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr edilmiş səyyar kollegiyaları artıq bir ənənəyə çevrilib. İndiyə qədər ölkənin 8 rayonunda səyyar kollegiyaların keçirildiyini deyən nazir, respublikamızın müsbət imicinin formalaşmasında mədəniyyətin rolunu və yerini vurğuladı. Qeyd etdi ki, xalqın mənəvi dəyərlərinin daşıyıcısı sayılan mədəniyyət və onun mühüm tərkib hissəsi olan turizm ölkənin çoxşaxəli palitrasını nümayiş etdirir, Azərbaycanın dünya birliyinə fəal inteqrasiya edilməsinə şərait yaradır: «Mədəniyyət elə bir sahədir ki, məhdud çərçivəyə sığmır və istehsalatın bütün sahələrinə müəyyən qədər təsir edir. Beynəlxalq aləmdə Azərbaycanın imicinin formalaşmasına, tanıdılmasına və təbliğinə, ölkəmizin mədəniyyət və turizm üzrə mötəbər beynəlxalq qurumlarda layiqli təmsil olunmasına əsas verir. Mədəniyyət və turizm xalqın mənafeyinə xidmət edən sahələrdir. Mədəniyyət xalqın maddi-mənəvi dəyərlərinin qiymətləndirilməsinə, turizm isə onun tanıdılmasına xidmət edir. Bu sahələrdə iş nə qədər keyfiyyətli qurulsa, ölkəmizin imicinə bir o qədər müsbət təsir edər.
   Uzun illər Azərbaycan mədəniyyəti və turizmi sovet hakimiyyətinin təsiri altında olub. Bu, bir tərəfdən bizim dəyərli və zəngin irsə sahib olmağımıza səbəb olub, digər tərəfdən isə totalitarizm mexanizmləri Azərbaycan mədəniyyətinin və turizm potensialının tanıdılmasına, xarici bazara çıxmasına əngəllər törədib. Bu gün isə fərəhlə qeyd edə bilərik ki, 20 ilə yaxın müddətdir ki, müstəqilik. Ulu öndərimizin bünövrəsini qoyduğu siyasətin məntiqi davamı kimi, son illərdə Azərbaycanın beynəlxalq səviyyədə geniş tanınması reallıqdır.
   Dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsidir ki, Azərbaycan YUNESKO-da və İSESKO-da layiqincə təmsil olunur. Son bir neçə ildə Azərbaycan mədəniyyətinin inciləri sayılan “Qobustan” və “İçərişəhər” qoruqları, muğam sənəti, aşıq musiqisi və Novruz bayramının YUNESKO-nun mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi buna əyani sübutdur. İndi Azərbaycan müxtəlif festivallarda və baxışlarda fəal iştirak etməklə yanaşı, tez-tez bir sıra sərgilərə və beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi də çıxış edir».
   Əhalisinin sayı 6 milyarddan çox olan Yer kürəsinin mədəniyyət xəzinəsinə Azərbaycanın artıq beş qiymətli töhfə verdiyini deyən Ə.Qarayev bunu çox böyük müvəffəqiyyət kimi qiymətləndirdi: «Ona görə də bu gün regionlarımızda mədəniyyət sahəsi ilə bağlı tədbirlər keçirəndə daha çox müasir tələbləri nəzərə alırıq. Azərbaycan artıq tərəqqiyə qədəm qoymuş ölkələrin sırasındadır. Ona görə də mədəniyyət ocaqlarının, turizm müəssisələrinin yüksək səviyyədə xidmət təqdim etmələri olduqca vacibdir. Etiraf edək ki, bu gün kitabxanaların, muzeylərin və digər mədəniyyət müəssisələrinin işi istədiyimiz səviyyədə deyil. Biz işimizi dövlətin mədəniyyət siyasətinə uyğun olaraq yeniləşdirməliyik».
   Nazirliyin regionlarla iş sektorunun müdiri Azər Əhmədzadə, Sumqayıtın və Abşeron rayonunun mədəniyyət və turizm qurumlarının fəaliyyəti haqqında xüsusi komissiya tərəfindən hazırlanmış arayış təqdim etdi. Onun məruzəsində mədəniyyət müəssisələrinin fəaliyyətinin bütün spektri əhatə olunmuşdu. Məsələyə obyektiv yanaşma işdə yol verilmiş bəzi nöqsanları da aşkara çıxardı.
   Kollegiya iclasında Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Namiq Qaffarov, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov da çıxış etdilər. Onlar təmsil etdikləri qurumların fəaliyyətində müsbət dəyişiklikləri qeyd etməklə yanaşı, mədəniyyət müəssisələrinin işinin keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş bir sıra mühüm məsələləri də qaldırdılar. Çıxışlardan məlum oldu ki, bütövlükdə mədəniyyət obyektlərinin maddi-texniki bazası, onların təchizat səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Belə ki, Sumqayıt şəhər rəhbərliyinin köməyi ilə burada mərkəzi kitabxana binasının, Dövlət Rəsm Qalereyasının, Nəriman Nərimanov adına və “28 May” mədəniyyət evlərinin, 2 saylı Uşaq İncəsənət məktəbinin təmiri ilə əlaqədar böyük iş görülüb. Sumqayıt Tarix Muzeyinin yenidən qurulması ısə başa çatmaq üzrədir. Şəhərdə yeni parklar salınıb, fəvvarələr inşa edilib. 1968-ci ildən fəaliyyət göstərən Sumqayıt Dövlət Musiqili Dram Teatrı 2009-cu ildə yeni ünvana köçüb. Mədəniyyət işçilərinin 95 faizi ali və orta ixtisas təhsillidir.
   Abşeron Rayon İcra Hakimiyyəti 2010-cu ili mədəniyyət ili elan edib. Bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Artıq Görədil, Məhəmmədi, Fatmayı kəndlərindəki klublar təmir edilib. Xarici turistlərə göstərilən obyektlər sırasına biri də əlavə edilib - Abşeron rayonu ərazisində yerləşən Yanardağ dövlət qoruğu elan edilib. Yaxın gələcəkdə Qobu kəndində respublika etnoqrafiya muzeyi yaradılacaq.
   Şöbə müdirləri öz çıxışlarında etiraf etdilər ki, işlərində, həqiqətən də, nöqsanlar mövcuddur. Hər iki çıxışçı bildirdi ki, Əbülfəs Qarayevin tövsiyələrini nəzərə alaraq işlərini çatışmazlıqların aradan qaldırılması istiqamətində quracaqlar. Natiqlər eyni zamanda bu gun göz önündə olan uğurlu layihələrin həyata keçirilməsində onlara yaxından köməklik göstərmiş Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və icra başçılarına təşəkkür etdilər.
   Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və Abşeron rayonunun icra başçısı Zakir Fərəcov respublikanın yeni mədəniyyət siyasətinin məqsədləri, vəzifələri və prinsipləri barədə məlumat verərək ölkənin mədəni-maarif sisteminin inkişafında dövlətin rolundan danışdılar. Qeyd etdilər ki, əvvəllər yalnız qalıq prinsipi əsasında subsidiyalaşdırılan bu mühüm sahənin maliyyələşdirilmə səviyyəsi ilbəil artır.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konstruktiv və işgüzar şəraitdə keçən kollegiya iclasına yekun vuraraq, nazirliyin müvafiq şöbə və bölmələrinə lazımi tövsiyələr verdi:
   - İxtisasartırma kurslarının işinə nəzarət gücləndirilsin;
   - Musiqi məktəblərinin audiotexnika təchizatı ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Dövlət Proqramının həyata keçirilməsinə nəzarət artırılsın;
   - Muzeylərin fondlarının zənginləşdirilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi tərəfindən respublika əhəmiyyətli proqram tərtib edilsin;
   - Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yerləşən respublika əhəmiyyətli tarixi abidələrin qorunması və monitorinqi, eyni zamanda bütün heykəltaraşlıq-monumental komplekslərinin reyestrləşdirilməsi tamamlansın;
   - Sumqayıt şəhərinin və Abşeron rayonunun turizm infrastrukturunun genişləndirilməsi ilə yanaşı, yeni turizm marşrutlarının yaradılması, bu ərazilərdə yerləşən tarixi abidələrin daha geniş təbliğ edilməsi və turizm şirkətləri vasitəsilə tanıtdılması prosesi genişləndirilsin.
   Yığıncağın sonunda vurğulandı ki, sayca 9-cu olan bu kollegiya iclası da özündən əvvəlkilər kimi uğurlu nəticələrə stimul olacaqdır...   

Fəxriyyə ABDULLAYEVA