Bakıda keçirilən beynəlxalq seminarda vəziyyətdən çıxış yolları arandı
   
   Bugünlərdə “Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda beynəlxalq seminar keçirildi. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) keçirdiyi seminarı giriş sözü ilə açan MHA-nın sədri, professor Kamran İmanovun dediyinə görə, son 20 ildə əqli mülkiyyət fenomeni sürətlə inkişaf edərək, investisiyaların yaradıcılığa və yenilikçiliyə cəlb edilməsində, intellektual məhsulların yayılmasında ən vacib amilə çevrilib: «Əqli mülkiyyətin sayəsində betona və metala əsaslanan iqtisadiyyat biliklərə və ideyalara əsaslanan iqtisadiyyata çevrilib və iqtisadiyyatın əqli mülkiyyətində cəmləşən intellektual kapital özünü əsas valyuta kimi aparır. Həqiqətən, əgər əqli mülkiyyət biliklərə əsaslanırsa, biliklərin yığımı isə iqtisadi artımın hərəkətverici qüvvəsidirsə, o zaman dövlətin iqtisadi və mədəni siyasəti bu amili nəzərə almalıdır. Çünki inkişaf etmiş ölkələrdə əqli mülkiyyətə əsaslanan sənayenin (kreativ industriya) ümumi daxili məhsuldakı payı 15 faizə qədər təşkil edir, bu isə dünya iqtisadiyyatının 7,3 faizi deməkdir».
   
   K.İmanov bildirdi ki, biliklərə əsaslanan iqtisadiyyat rəqəmli iqtisadiyyatdır. Bu iqtisadiyyatda informasiya resurslarına və informasiya texnologiyalarına daxil olan əmtəə sərvətlərinə, yəni əqli mülkiyyətə tələbat daima artır: «Biz mədəniyyət nümunələrinin əksəriyyətinin artıq rəqəmləşdirilərək internetə inteqrasiyasının şahidiyik: musiqi, filmlər, xəbər proqramları, ədəbiyyat və incəsənət nümunələri - bütün bunlar artıq internetdədir. Yalnız məşhur “You Tube” portalına hər dəqiqə rəqəmləşmiş 10 saatlıq videoproqramlar daxil edilir. İnternet əqli mülkiyyətin virtual bazarına çevrilmiş və buradakı alqı-satqılarda iştirak edən məhsulların 50 faizindən çoxu əqli mülkiyyətin obyektləridir və hər satılan beş obyektdən dördünün müəlliflik hüququ qorunur».
   K.İmanov tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, hazırda informasiya texnologiyalarının inkişafı sistemli surətdə əqli mülkiyyət qanunvericiliyinin təkmilləşdirilməsini üstələyir, bu isə geniş miqyasda haqsız rəqabətə gətirir: «Bu gün çoxları hesab edirlər ki, internetdə qanun və beynəlxalq müqavilələr deyil, mənəvi və etik normalar işləməlidir. Ancaq internet bazar məkanıdır və burada yerləşən əqli mülkiyyət obyektləri sahiblərinin şəxsi hüquqları ilə yanaşı, əmlak hüquqları da toxunulmazdır. Beləliklə, informasiya texnologiyaları obyektləri əqli mülkiyyət sahəsinə inqilab gətirərək, ayrı bir problemin yaradılmasına səbəb olub. Məsələ ondadır ki, informasiya texnologiyaları əqli mülkiyyət olduğu, əqli mülkiyyət kimi qorunub inkişaf etdiyi halda, əqli mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulmasına şərait yaradır, rəqəmli müəlliflik hüququnun gələcəyini şübhə altına qoyur. Rəqəmli mühitdə piratçılıq beynəlxalq bəlaya çevrilib, dünyada kütləvi xarakter alıb».
   K.İmanov musiqi və televiziya məhsullarındakı piratçılıqdan danışaraq vurğuladı: «Musiqi fayllarının internetdəki istifadəçilər arasında qeyri-leqal mübadiləsi 2008-ci ildə 40 milyard kontent-fayl təşkil edib. Bu isə 95 faiz piratçılıq deməkdir. Ekspertlərin müşahidələrinə əsasən, internetdə yalnız musiqinin qeyri-qanuni istifadəsi nəticəsində müəlliflər 80 faiz gəlirlərini itirməyə məcburdurlar. Televiziya kontentinin internetdəki yayımında da hüquqların pozulması son həddə çatıb. İnkişaf etmiş ölkələrdə piratçılığın səviyyəsi 20-40 faiz olduğu halda, MDB məkanında 80-90 faiz təşkil edir».
   Bəs bu ziddiyyətli vəziyyətdən çıxış yolu nədədir? Agentlik direktorunun dediyinə görə, məhdudiyyətlərin təhlili, provayderlərin fəaliyyətinə yeni qaydaların tətbiqi olduqca vacibdir: «İnternetdə “rəqəmli hüquqların” təminatının həlli əqli məhsulun yayılmasına məhdudiyyət qoymaqda deyil, əksinə, onun yayılması üçün yeni şərait və şərtlərin yaradılmasındadır. Bu isə o deməkdir ki, mülkiyyət kateqoriyasına əsaslanan müstəsna hüquqların qadağa sistemi rəqəmli kontentə, onun informasiya təbiətinə uyğunlaşdırılmalıdır».
   Sonra MHA-nın sədri Azərbaycanda əqli mülkiyyətin qorunması sahəsində görülən tədbirlərdən söhbət açdı: «Azərbaycan hökuməti əqli mülkiyyət sahəsini və əqli mülkiyyət hüquqlarının təminatını prioritet sahə kimi qəbul edərək, dünyadakı rəqəmli dəyişiklikləri diqqətlə izləyir və bir sıra kompleks tədbirlər həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi nəticəsində ölkəmizdə zəngin qanunvericilik və normativ-hüquqi baza, çevik milli idarəetmə institutu və geniş beynəlxalq mübadilə və əməkdaşlıq sistemi yaradılıb. Bu sahədə islahatlar və yeniliklər davam etdirilir. Hüquqi maarifləndirmə, əqli mülkiyyət mədəniyyətinin formalaşması, piratçılığın səviyyəsinin daimi müşahidəsi və tədbirlərin görülməsi, “Qaynar xətt”in, “İctimai hüquq məsləhətxanası”nın fəaliyyəti, çoxlu nəşrlərin dərc edilməsi qarşımızda duran yeni çağırışların müvafiq cavablarıdır.
   Biz nəzərə alırıq ki, informasiya texnologiyaları sahəsində Azərbaycan inkişaf edir. Davos Dünya İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan İKT üzrə 127 dövlət arasında 67-ci yeri tutaraq MDB məkanında lider olub. İnternetin İstifadəsi Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats-Usage and population stayistics) son məlumatına əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 1,4 milyon nəfərə çatıb və bu göstəriciyə görə ölkəmiz Cənubi Qafqazda liderdir».
   DƏMT-in Avropa və Asiyanın müəyyən ölkələri üzrə departamentinin əməkdaşı xanım Saule Tlevlessova təmsil etdiyi qurumun Azərbaycan hökuməti ilə məhsuldar əməkdaşlığından danışaraq bildirdi ki, bu seminar 2009-cu ildə Azərbaycanda keçirilən dördüncü beynəlxalq tədbirdir. Ümumiyyətlə, Dünya Əqli Mülkiyyət Təşkilatı hər hansı bir ölkədə ildə yalnız bir tədbir təşkil edir. DƏMT ilə Azərbaycan hökumətinin birgə səyləri nəticəsində müəllif hüquqlarının qorunması sahəsində bu il fevral, aprel və dekabr aylarında Bakıda, may ayında Naxçıvan Muxtar Respublikasında beynəlxalq səviyyəli tədbirlər keçirilib. Xanım S.Tlevlessova Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə müəllif hüquqlarının qorunması, piratçılığa qarşı mübarizə məsələlərinə böyük diqqət və qayğısını xüsusi vurğuladı.
   Sonra MHA-nın sədri, professor Kamran İmanovun “Rəqəmli mühit və Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatının təkmilləşdirilməsi zərurəti”, Mərkəzi və Şərqi Avropa Müəllif Hüququ Alyansının sədri Mihaly Ficsorun “DƏMT-in internet müqavilələri: Müəlliflik hüququ və əlaqəli hüquqların rəqəmli on-line mühitində qorunması və təminatı üçün əsaslar”, Rusiya Əqli Mülkiyyət İnstitutunun rektoru İvan Bliznetsin “Müəlliflik hüququ və əlaqəli hüquqların rəqəmli mühitdə qorunması və müdafiəsi sahəsində qanunvericilik”, xanım Saule Tlevlessovanın “Rəqəmli mühitdə piratçılığın müasir problemləri və beynəlxalq, regional, subregional əməkdaşlıq çərçivəsində onun azaldılmasının yeni alətləri”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Bəxtiyar Məmmədovun “Azərbaycanda informasiya texnologiyalarının inkişafı” mövzularında məruzələri dinlənildi.
   Seminarın ikinci günü MHA-nın sədri, professor Kamran İmanov “Müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsində inkişafın milli strategiyası haqqında”, Rusiya Əqli Mülkiyyət İnstitutunun rektoru İvan Bliznets “Piratçılıqla mübarizədə Rusiya Federasiyasının təcrübəsi”, Mərkəzi və Şərqi Avropa Müəllif Hüququ Alyansının sədri Mihaly Ficsor “İnternetdə piratçılığa qarşı mübarizədə yeni hüquqi və texnoloji vasitələr” mövzusunda məruzələrlə çıxış etdilər. Çıxışlar ətrafında geniş fikir mübadiləsi aparıldıqdan, suallar cavablandırıldıqdan sonra beynəlxalq seminara yekun vuruldu.

Fəxriyyə Abdullayeva