Bildiyimiz kimi, Bakı şəhəri 2009-cu il üçün "İslam Mədəniyyətinin paytaxtı" elan olunmuşdu.
   
   Dünya mədəniyyətinin bir sıra görkəmli xadimləri, habelə tanınmış siyasətçilərinin də dediyi kimi, Bakı bu yüksək fəxri ada İslam mədəniyyəti və elm sahəsində böyük xidmətlərinə, İslam abidələri və irsinin qayğı ilə qorunmasına, zənginləşdirilməsinə görə layiq görülüb. Beləliklə, Azərbaycanın müstəqillik illərində İslam irsinin qorunub saxlanmasına və zənginləşməsinə verdiyi böyük töhfə qeyd edilib. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsini İslam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək üsulunun bariz nümunələrindən biri hesab edir. Çünki Bakı İslam dünyasında ən qədim şəhərlərdən biridir. Bütün il ərzində Bakıda müxtəlif simpoziumlar, forumlar keçirildi, sərgilər, konsertlər və digər mədəniyyət tədbirləri reallaşdı ki, bu da İslam mədəniyyətinin Yer kürəsində təbliğinə böyük töhfələr oldu. 2009-cu il ərzində ölkəmiz bu Proqram çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə yalnız İslam mədəniyyətini deyil, Avropada ən çox inkişaf etmiş incəsənət növlərini nümayiş etdirib. Teatr və caz festivalları, eləcə də başqa çoxşaxəli tədbirlərin keçirilməsi buna sübütdür. “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ilində nəzərdə tutulan bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi bu şərəfli missiyanın Bakıya həvalə edilməsinin heç də təsadüfi olmadığını paytaxtımız bir daha bütün dünyaya sübut erdi. Mədəniyyət ilinin rəsmi bağlanış mərasimi dekabrın 18-də Heydər Əliyev Sarayında keçirilib.
   Sarayın foyesində mədəniyyət ili çərçivəsində keçirilən tədbirləri əks etdirən fotosərgi təşkil edilmişdi.
   Tədbirə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin deputatları, tanınmış elm adamları, mədəniyyət xadimləri qatılmışdı.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-23-də Liviyanın Tripoli şəhərində “İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması” mövzusunda keçirilmiş V konfransının qərarı ilə Bakı şəhərinin 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsini bir daha xatırladaraq deyib: “Bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm İslam mədəniyyətinə, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibətilə seçilməlidir. Bundan əlavə, İslam mədəniyyətinin paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi-mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır. Azərbaycanın paytaxtı Bakı öz qədimliyi və müasirliyi ilə bütün bu qayda və prinsiplərə cavab verdiyindən İslam mədəniyyətinin növbəti paytaxtı elan edilmişdir.
   Paytaxtımızın belə yüksək adı daşımasına Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə göstərdiyi qayğı və diqqət sayəsində nail olmuşuq.
   “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimində Avropa və İslam ölkələrinin mədəniyyət nazirləri, onların müavinləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və digər şəxslər qatılmışdı. Mədəniyyət ili çərçivəsində ölkəmizdə ümumilikdə 500-dən çox tədbir keçirilib. Bu tədbirlər sırasında Azərbaycana həsr olunmuş sənədli filmin nümayişi, “Qədim Bakı” kitabının təqdimatı, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertlər, Beynəlxalq Muğam Festivalı və digər tədbirlər mühüm yer tutur”.
   Cari ildə Azərbaycanda doqquz ölkənin mədəniyyət günlərinin təşkil edildiyini diqqətə çatdıran nazir vurğulamışdır ki, dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələr həyata keçirilib. “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” internet saytının açılışı isə bu möhtəşəm tədbirlərin bütün dünyaya çatdırılmasına xidmət edib. Hazırda Bakı şəhərinə “Dialoq paytaxtı” statusu verilməsi üzərində işləyirik”.
   Tədbirdə çıxış edən İSESKO-nun baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Hadi Azizzadeh demişdir ki, “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıdıb. Bu tədbirlər yüksək səviyyədə təşkil olunub və İSESKO bunu yüksək qiymətləndirir. Bu tədbirlərdə, demək olar, bütün İslam ölkələri yaxından iştirak etmişdir.
   Bakıda İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransının əhəmiyyətindən danışan qonaq bildirmişdir ki, bu tədbir müsəlman ölkələri arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə, gələcək inkişafına xüsusi təkan verəcəkdir.
   Azərbaycanda mədəniyyət ocaqlarının müasir üslubda yenidən qurulmasını xüsusi qeyd edən Hadi Azizzadeh demişdir ki, bütün bunlar Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqətin göstəricisidir.
   Tədbir geniş rəqs proqramı ilə davam etdi.
   
   “Mədəniyyət”