Fevralın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında “Qara Qarayev - tələbələrinin xatirəsində” kitabının təqdimat mərasimi keçirilib.
   Təqdimat mərasimini giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, kitabın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə dəstəyi ilə ərsəyə gəldiyini bildirib: “Kitabda Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin 40 illik pedaqoji fəaliyyəti zamanı onun sinfini bitirən tələbələrinin xatirələri cəmlənib.Qara Qarayevin tələbəsi olmuş bəstəkarların arasında onun ənənələrini davam etdirən, artıq dünya miqyasında tanınan görkəmli bəstəkarlarımız az deyil. Onların arasında SSRİ xalq artistləri Rauf Hacıyev, Arif Məlikov, xalq artistləri Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Sevda İbrahimova, Tofiq Bakıxanov, Polad Bülbüloğlu, Oqtay Zülfüqarov, Musa Mirzəyev, o cümlədən mən də varam. Bizim hər birimizin xatirəsində Qara Qarayevin ustad portretinin cizgiləri, pedaqoji metodları, onunla bağlı hər hansı hadisə səmimi hisslərlə oxucuya çatdırılıb. Bu xatirələr ustad bəstəkarın həyatının müxtəlif illərini əks etdirən fotolarla müşayiət olunur”.
    Kitab-fotoalboma daxil olan xatirələrin fonunda bəstəkarın müxtəlif yaradıcılıq dövrlərinə aid yaddaqalan anları çoxsaylı foto-şəkillərlə əks olunur. Kitabda Qara Qarayevin yaradıcılıq fəaliyyətinin bütün sahələri xronoloji ardıcıllıqla işıqlandırılıb, o cümlədən dahi bəstəkarın milli və dünya musiqi sənəti haqda fikir və düşüncələri, həmçinin böyük ustada ünvanlanan dünya korifey musiqiçilərinin dəyərli fikirləri özünə yer alıb.
   Nəşrdə ulu öndər Heydər Əliyevin, musiqisi ilə Azərbaycanda və dünyada şöhrət tapmış böyük bəstəkar Qara Qarayev haqqındakı fikirlərinə xüsusi səhifə ayrılıb.
   «Şərq-Qərb» nəşriyyatında işıq üzü görən kitabın tərtibçi-redaktoru bəstəkar-musiqişünas Nərgiz Şəfiyevadır.
   
   Turan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar