Dünən C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Lütfiyar İmanovun xatirəsinə həsr edilmiş tədbir keçirildi. 
    Tədbirdə muzeyin direktor müavini Sevinc Mikayılova, Azərbaycan Teatr Xadimləri İttfaqının sədri Azərpaşa Nemətov və başqaları çıxış edərək görkəmli müğənninin həyat və yaradıcılığından söz açdılar, onun musiqi tariximizə bəxş etdiyi ölməz sənət incilərinin bütün zamanlarda öz dəyərini qoruyacağını diqqətə çatdırdılar.
   Bildirildi ki, Sabirabadda dünyaya göz açan Lütfiyar İmanovun ilk rolu 1943-cü ildə rayon teatrının səhnəsində oynanılan “Beş manatlıq gəlin” tamaşasında olub. A.Zeynallı adına Musiqi Məktəbini və indiki Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən L.İmanov Moskvadakı məşhur Böyük Teatrda və İtaliyanın La-Skala teatrında vokal ifaçılığı təcrübəsi keçib.
   Səsinin tembri, səhnə görkəmi maestro Niyazinin diqqətini cəlb etdiyindən 1959-cu ildə müğənni Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub və burada biri-birindən maraqlı rollar yaradıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasında yaratdığı Koroğlu obrazı ona əbədi şöhrət qazandırıb. L.İmanovun “Karmen”, “Faust”, “Otello”, “Trubador”, “Aida”, “Riqoletto” və s. klassik opera əsərlərində oynadığı maraqlı rollar bu gün də tamaşaçıların yaddaşından silinməyib.
   Vurğulanıb ki, xalq artisti İtaliya, Almaniya, Türkiyə, İran və digər ölkələrdə keçirilmiş beynəlxalq festivallarda Azərbaycanı layiqincə təmsil edib. L.İmanov uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi də uğurlu fəaliyyət göstərib, istedadlı gənclərə sənətinin sirlərini öyrədib.
   Azərbaycan və SSRİ xalq artisti fəxri adlarına layiq görülən Lütfiyar İmanov 2008-ci ildə vəfat edib.
   Natiqlər xalq artisti Lütfiyar İmanovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı bir daha ölkəmizdə sənətə və sənət adamlarına dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıblar.
   Tədbirdə L.İmanova həsr edilmiş videomaterial da nümayiş etdirildi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar