Azərbaycan Bəstəkarlar İttifaqında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə yubilyarın həyat və yaradıcılığından danışıb. İttifaq sədri, Sevda İbrahimovanın dəyərli sənətkar olmaqla yanaşı, gözəl insan və yaxşı dost olduğunu bildirib: “Bütün fəaliyyəti dövründə Sevda xanım Azərbaycan mədəniyyətinə xidmət edib. Bəstəkarlıq sənətimizə verdiyi töhfələr isə danılmazdır. Sevda xanımın yaş baxımından kompleksi yoxdur, çünki o, hər zaman çox gözəl və təravətlidir. Çox sevindiricidir ki, bizim bu cür bəstəkarlarımız var”.
   Tədbirdə çıxış edən Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da yubilyarın yaradıcılığından danışıb.
   Yubiley gecəsi Sevda İbrahimovanın əsərlərindən hazırlanmış konsert proqramı ilə davam etdirilib. Proqramda “Qurbansız qalan tarım”, “Laylay”, “Deyir gözün”, “Ceylaya”, “Əzizlərimin xatirəsinə”, “Yaşa, ülvi məhəbbətim”, “Necə sevməyim səni”, “Məhəbbət işığı” və digər musiqi əsərləri ifa olunub.