Qloballaşma şəraitində milli özünəməxsusluğu qoruyan və eyni zamanda qabaqcıl beynəlxalq təcrübəni nəzərə alan yeni mədəniyyət siyasəti müstəqil Azərbaycanda da həyata keçirilir. Mədəniyyət siyasəti dövlətin ümumi siyasətinin tərkib hissəsidir. Bu gün biz cəmiyyətin mədəni-mənəvi və bədii-estetik inkişaf sistemini yaratmaq, milli özünəməxsusluğun qorunmasını və inkişafını, o cümlədən, zəngin maddi və qeyri-maddi mədəni irsin mühafizəsini təmin etmək, mədəniyyət və incəsənətlə bağlı ixtisas təhsilinin çoxpilləli sistemini qoruyub saxlamaq, onu inkişaf etdirərək, günün tələbləri səviyyəsinə çatdırmaq, mədəniyyət sahəsində beynəlxalq əlaqələri, bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirmək, ümumdünya miqyasında milli mədəniyyətimizin nüfuzunu artırmaq, mədəni fərdiliyin formalaşmasını və möhkəmlənməsini, submədəniyyət müxtəlifliyinə hörməti, yaradıcılığın həvəsləndirilməsini və mədəni həyatda iştirakı təşviq etmək, vətəndaş cəmiyyətinin, onun ayrı-ayrı qrup və laylarının mədəni fəaliyyəti üçün geniş imkanlar yaratmaq, dünya klassik irsinin və müasir incəsənətin ali nümunələrinin geniş təbliği və beynəlxalq standartlara cavab verən milli-mədəni sənaye və kommersiyanın sürətli inkişafı yollarını müəyyənləşdirmək, mədəni turizm infrastrukturunun yaradılması və gerçəkləşməsini təmin etmək və s. prinsiplərin həyatımızda tətbiq edildiyini görürük. Əslində, mədəniyyət siyasəti sözün hərfi mənasında elə həyatın bütün sahələrinə təkan verməkdir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilən “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı seminar da bu anlayışın müzakirəsi, aparılan fikir mübadilələri baxımından çox əhəmiyyətli oldu. Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin rəhbərlik etdiyi işçi qrupunun Lənkəranda yerləşən mədəniyyət müəssisələri rəhbərləri üçün keçirdiyi seminarda mədəniyyətin müasir anlamda qəbuluna, bugünkü mədəni həyatımıza dair müxtəlif çıxışlar dinlənildi. Seminarın işinə eyni zamanda Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanov, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi Mətləb Mahmudov da qatılmışdılar. Seminarı Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev açaraq seminarın bölgənin mədəni həyatı üçün dəyərli olacağını vurğuladı.
   
   Asif Usubəliyev: “Konkret ünvanlı problemlərin həlli vacib amildir”
   
   Seminarda geniş məruzə ilə çıxış edən Asif Usubəliyev, bu gün mədəniyyət siyasətinin daha geniş anlayışları əhatə etdiyini vurğulayaraq, ölkənin mədəni həyatının inkişafı dinamikasında bu tip müzakirələrin keçirilməsi zərurətinə toxundu. O, qeyd etdi ki, bu zərurət Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən dəyərləndirilib və birbaşa onun təşəbbüsü, xüsusi qərarı ilə ilboyu ölkənin əksər bölgələrində bu mövzuda seminarlar keçiriləcək:
   “İndi mədəniyyət SSRİ dövründə olduğu kimi rəmzi məna daşımır. Getdikcə rəmzi mənadan siyasi formaya keçid edir. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin apardığı ardıcıl iş bilavasitə həm də ölkəmizin dünyada tanıdılması yolunda ümumi səylərin bir hissəsidir. Və bu gün mədəniyyətin yeni formaya keçidindən, ona diqqətdən hər birimiz bəhrələnməliyik və hər birimiz bu prosesdə bilavasitə iştirak etməliyik. Azərbaycan böyük siyasi əhəmiyyətli bir çox mədəni layihələrdə iştirak edib. 2008-ci ilin dekabrında ölkəmizdə Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin konfransı keçirildi. Həmin tədbir bu formatda keçirilən ilk tədbir idi. Bu mədəniyyət yönümlü konfransda AŞ təmsilçisi Terri Devisin Ermənistan əleyhinə tutarlı dəlillərlə çıxışı xüsusilə diqqəti cəlb etdi. Keçən il İslam ölkələrinin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransı da əhəmiyyətlidir. Bilirsiniz, bu konfranslar bizim müxtəlif mədəniyyətlərə, tolerantlığa dözümlülüyümüzün dünyaya əyani göstəricisi olması ilə daha çox əhəmiyyətlidir. Mədəni potensialımız diplomatik hədəflərimizə bizi yaxınlaşdırır. Məhz Mədəniyyət və Turizm Nazirliyinin apardığı siyasət də ondan ibarətdir ki, Azərbaycan mədəni potensialını, uğurlarını dünyaya çatdırsın, ölkəmizi təbliğ etsin. Nazirliyin kollegiya iclasında cənab Əbülfəs Qarayev beynəlxalq səviyyədə mədəniyyətimizin tanıdılmasında bir sıra uğurlardan danışaraq paralel olaraq indi nəzərlərin daxili hədəflərə çevrilməsini zəruri saydığını vurğulayıb”.
   A.Usubəliyev ölkədə mədəni həyatın sürətli inkişafına diqqətin artırıldığını nəzərə çatdırdı:
   “Mədəniyyət siyasəti iki hissəyə ayrılır: daxili və xarici. Biz xarici siyasətdə tam üstünlüyə nail olmaqla, öz yerimizi mədəni dünyada təsbit etmişik. Bizim bölgələrdə keçirdiyimiz seminarların da mahiyyətində məhz daxili hədəflərə diqqət ilk yerdə durur. Mədəniyyət işçiləri bu gün zamanın tələbi ilə öz işlərində prinsipial dəyişikliklər etməlidirlər. Biz mədəni işin yenidən qurulmasını hədəf olaraq müəyyən etməliyik”.
   A.Usubəliyev kadr problemi barədə də ətraflı təhlillər apardı. O, həmçinin qeyd etdi ki, nazirlik təkamül nəticəsində maksimum demərkəzləşməyə üstünlük verir:
   “Lakin bu nəyin sayəsində ola bilər? Güclü kadrlar, iqtisadi sərbəstlik, təşəbbüslər, layihələrlə işləmək bacarığı, yeni ideyalar irəli sürülən yerdə... Bu, bir baza ola bilər. Bu gün mədəni infrastrukturun yenilənməsi daxili hədəfimizdir”.
   A.Usubəliyev daxili mədəni hədəflərin sırasında idarəçilik məsələlərinə də xüsusi yer verildiyini önə çəkdi.
   “Azərbaycan xalqının istedadlı bir xalq olduğunu dünya da qəbul edir. Bizim ölkənin hər bir bölgəsi bu zənginliyə malikdir. Biz mədəni siyasətimizin ümumi müddəalarını tam həyata keçirəcəyik. Bunun üçünsə konkret ünvanlı problemlərin həlli vacib amildir və seminarın missiyası bu məsələləri sizinlə, mədəniyyət müəssisələrimizin işçiləri ilə müzakirə etməkdir”.
   Natiq sonda onu da qeyd etdi ki, mədəni həyata və mədəni siyasətə kənar baxışların vacibliyi həmişə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsbət tendensiya kimi dəyərləndirilib:
   “Məhz bu zərurəti nəzərə alaraq, tədbirimizə ayrı-ayrı elmi müəssisələrin mütəxəssisləri də dəvət ediliblər”.
   
   Kənardan baxış
   
   Seminarda ayrı-ayrı elmi müəssisələrdən kənar fikirlərin mübadiləsi məqsədilə dəvət edilmiş mütəxəssislərin də fikirləri maraqla dinlənildi. Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanov bu mahiyyətli seminar və müzakirələrin mədəni həyatımızın inkişaf tempinin diktəsindən doğduğunu vurğulayaraq bildirdi ki, qloballaşan dünyada biz öz mədəni siyasətimizin hədəflərini bilməliyik:
   “Qloballaşma özü ilə kifayət qədər müsbət tendensiya gətirir. Lakin onun verə biləcəyi mənfi çalarlar da yox deyildir. O xalqlar daha çox özünü qoruya bilir ki, mövcud qloballaşmada öz mədəniyyətinin dəyərləri ilə iştirak edir. Milli mədəniyyətimizin inkişafı məhz bunun üçün əsas şərtdir. Bu işdə mədəniyyət işçilərinin rolu böyükdür. Sovet dövründə, əslində, sizlərin sosial əhəmiyyəti yox dərəcəsində idi. Bu gün isə qarşıda hədəfləriniz var. Bu gün Mədəniyyət və Turizm Nazirliyi ciddi proseslərə start veribsə, deməli, sizlər də işinizi yeniləndirməyi bacarmalısınız”.
   Natiq mədəni həyatımızdakı mənfi təmayüllərdən də bəhs edərək, bu sahədə maarifçilik işlərinin aparılmasını zəruri saydı.
   AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi Mətləb Mahmudov isə dünənin və bu günün mədəni siyasətinin müqayisəsini apardı. O bildirdi ki, əbədi və dəyişən mədəni dəyərlər var.
   Dəyişən dəyərlər texniki göstəricilərdir və müasirləşmədən geri qalmamaq üçün böyük əhəmiyyət daşıyır. Natiq məhz dəyişən dəyərlər haqqında seminar iştirakçılarına məlumat verdi. Bu günün mədəni siyasətinin məhz mədəniyyətə bazis olaraq qəbul edilməsini bildirən çıxışçı üstqurum kimi onun texniki tərəflərini seminar iştirakçıları üçün aydınlaşdırdı.
   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov birbaşa olaraq mədəniyyət müəssisələri işçilərinə dövrün standartlarına uyğun aparılan kadr hazırlıqları barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, artıq təmsil etdiyi mərkəz ixtisasartırma işlərinə təkan olaraq bir çox yeni proqramlar hazırlayıb.
   Çıxışlardan sonra seminarın aparıcıları iştirakçıların suallarını cavablandırdılar. Tədbirin sonunda mədəniyyət işçiləri aparıcılara öz təkliflərini çatdırmaqla diskussiya təşkil etdilər.
   
   Sabutay,
   Lənkəran