Bildiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən Şəki şəhəri cari ildə Azərbaycanın sənətkarlıq paytaxtı elan edilib. Proqram çərçivəsində 2010-cu ildə Şəkidə xalq tətbiqi, ənənəvi dekorativ və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
   
   Bu silsilənin başlanğıcı kimi aprelin 3-də şəhər mərkəzindəki parkda “Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010” ilinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
   Mərasimi giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov qədim dövlətçilik ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik Şəkinin, eyni zamanda, sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən olduğunu vurğulayıb. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən yüzlərlə Şəki sənətkarının fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. Dəmirçilik, nalbəndlik, şəbəkə, dulusçuluq, papaqçılıq, ipəkçilik və onlarla istehsal sahəsi Şəki sənət məbədinin başlıca sütunlarını təşkil edib.
   Qeyd olunub ki, proqramın həyata keçirilməsinin əsas məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliği, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, eyni zamanda paytaxt şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafına nail olmaqdır. «Şübhə yoxdur ki, tarixən şəhərdə mövcud sənət sahələrinin qorunub saxlanmasına, itib-batan bir çox sənət sahələrinin bərpasına təsir göstərə biləcək paytaxt nominasiyası proqramı Şəkidə xalq tətbiqi-dekorativ sənətinin inkişaf etdirilməsində yeni mərhələnin başlanğıcını qoyacaq» - deyə, icra başçısı bildirib.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva 2010-cu ildə Şəki şəhərinin Azərbaycanın sənətkarlıq paytaxtı elan edilməsinin təsadüfi olmadığını, vətənimizin gözəl, dilbər guşələrindən olan qədim Şəki torpağının əsrlərlə sənətkarların məskəni kimi tanındığını vurğulayıb: «Burada memarlıq, tətbiqi sənət, ağac və sümük üzərində oyma, dulusçuluq, misgərlik, şəbəkə, zərgərlik və digər sənət növləri yüksək inkişaf edib. Şəki uzun illər Azərbaycanda, eləcə də bütövlükdə Qafqazda ipəkçiliyin mərkəzi olub. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki sənətkarlarından söz düşəndə, əlbəttə ki, bu qədim diyarın özünəməxsus mətbəxini unutmaq olmaz. Şəki şirniyyatı, Şəki halvası, Şəki pitisi artıq ölkəmizdən xaricdə də tanınır. Şəki dünya əhəmiyyətli tarix-memarlıq abidələri ilə də məşhurdur. Şəki xanlarının sarayı, Şəkixanovların evi, Cümə məscidi, Dairəvi məbəd, Yuxarı və Aşağı karvansaralar, “Gələrsən-Görərsən” qalası və s. məşhur tarixi abidələrdir. Bu gün biz böyük qürurla qeyd edirik ki, milli mədəniyyətimizin inciləri olan ulu muğamımız, aşıq sənətimiz, Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Bütün bunlar, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunması və təbliğinə yönəldilmiş çoxşaxəli fəaliyyətlərinin, qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği işinə göstərdikləri xüsusi diqqət və qayğının məntiqi nəticəsidir».
   Tədbirdə şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov Şəkinin 2010-cu ildə Azərbaycanın sənətkarlıq paytaxtı elan edilməsindən iftixar hissi keçirdiklərini qeyd edib.
   Daha sonra tədbir XIX əsrə aid tarix-memarlıq abidəsi “Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində bədii proqramla davam etdirilib. Qonaqlar el sənətkarlarının əl işləri, hazırladıqları sənətkarlıq nümunələri ilə tanış olublar. Bakıdan gəlmiş “İrs” folklor və F. Əmirov adına Dövlət Mahnı və Rəqs ansambllarının, habelə şəhər mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərinin rəngarəng çıxışları iştirakçılarda xoş ovqat yaradıb.