Aprelin 7-də Muzey Mərkəzində Azərbaycan Prezidentinin sərəncamları ilə orden, medal və yüksək fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə vəsiqələrin təqdim edilməsi ilə bağlı tədbir keçirildi.
   
   Mərasimdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də tərəqqiyə nail olunduğunu bildirdi. Nazir qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində artıq dünya miqyasında həyata keçirilən beynəlxalq layihələrdə Azərbaycan yaxından iştirak edir: “Bu gün mədəniyyətimizin bütün sahələrində bir canlanma müşahidə olunur. Şübhəsiz ki, bu ölkəmizin inkişafı ilə bağlıdır. Bütün görülən işlər bir daha Azərbaycanda aparılan mədəniyyət siyasətinin müsbət effekt verdiyini göstərir”.
   Orden, medal və fəxri adlarla təltif olunanların mədəniyyətimizin və incəsənətimizin inkişafı və təbliğində böyük xidmətlər göstərdiyini vurğulayan nazir onlara ölkə başçısı İlham Əliyevin təbriklərini çatdırdı.
   Sonra nazir Xalq şairi Zəlimxan Yaquba, Xalq artistləri Fidan Qasımovaya və Canəli Əkbərova “Şərəf” ordeni, Xalq artistləri Hacı Murad Yagizarova, Xumar Zülfüqarovaya və Ağaxan Abdullayevə “Şöhrət” ordeninin vəsiqələrini təqdim etdi. Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadəyə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olundu.
   Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşları Nəzifə Əliyeva və Züleyxa Nəcəfzadəyə “Tərəqqi” medalının, Aqalliyay Pellumb və İsakadze Allaya “Əməkdar müəllim” fəxri adlarının vəsiqələri verildi.
   Tədbirdə Xalq şairi Zəlimxan Yaquba anadan olmasının 60 illiyi münasibətilə TÜRKSOY təşkilatının onun üçün hazırladığı plaket təqdim edildi.
   Təltif olunanlar ölkə rəhbərliyi tərəfindən mədəniyyətimizin inkişafı istiqamətində görülmüş işlərdən danışaraq, dövlət başçısına, eləcə də Mədəniyyət və Turizm nazirinə diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
   
   İntiqam Hacılı