Aprelin 29-da Azərbaycan Bəstəkarlar İttifaqının xalq çalğı alətləri üçün yazılmış əsərlərdən ibarət plenumu işə başlayıb. Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiynə həsr edilmiş plenum Azərbaycan Bəstəkarlar İttifaqının dahi bəstəkarın adını daşıyan konsert salonunda keçirilir.
   
   Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov görkəmli pedaqoq, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, tarzən Əkrəm Məmmədlinin yaradıcılığı haqqında məlumat vermiş, onun “Azərbaycan muğamları” not nəşrinin dərs vəsaiti kimi əhəmiyyətindən danışıb.
   Ə.Məmmədov əsərinin təqdimatı üçün minnətdarlığını bildirərək, tarda “Çahargah” muğamının “Bərdaş”, “Mayə” və “Bəstənigar” şöbələrini ifa edib. Tədbir çərçivəsində, həmçinin Xalq artisti, dirijor Ağaverdi Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kamera tərkibli konserti olub.
   Konsertdə Üzeyir Hacıbəyli, Adil Gəray, Nazim Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Səid Rüstəmovun əsərləri səsləndirilmişdir. Solistlər Almaz Orucova, Xəyyam Məmmədov, Çinarə Mütəllimova və başqalarının da ifası səslənib.
   Aprelin 30-da həmin orkestrin kamera tərkibli ikinci konserti, mayın 1-də Azərbaycan Dövlət Uşaq və Gənclər Xalq Çalğı Alətləri Orkestrinin konserti, həmçinin Plenum konsertlərinin müzakirəsi keçiriləcək.
   Aprelin 29-da plenum çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan bəstəkarlarının orkestr üçün yazdıqları əsərlərdən ibarət konsert olub.
   Konsertdə dahi bəstəkarın özünün, həmçinin Müslüm Maqomayevin, Səid Rüstəmovun, Fikrət Əmirovun, Vasif Adıgözəlovun, Adil Gərayın və başqalarının əsərləri səsləndirilib.