Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçirildi. Muzeyin foyesində müharibə illərinə aid materiallardan ibarət sərgi nümayiş olundu. 
   Sərgidə Ü.Hacıbəylinin 1943-cü ildə çap olunmuş əsərləri, S.Hacıbəyov, M.Vanşteyn, M.Kriştul və digər bəstəkarların müharibə dövründə yazdıqları əsərlərin not əlyazmaları, cəbhədə yaralı əsgərlər qarşısında çıxış edən aşıqların və xanəndələrin fotoşəkilləri, dirijor Niyazinin orden və medalları, fəxri fərmanlar, əsgər kaskası, akkordeon və s. təqdim olunurdu.
   Tədbiri muzeyin direktoru, sənətşünaslıq elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açdı. Bakı Musiqi Akademiyasının müəllimi, musiqişünas Kəmalə Ələsgərli “1941-1945-ci illər müharibəsi dövründə Azərbaycan bəstəkarlarının yaradıcılığı” mövzusunda məruzə ilə çıxış etdi. Daha sonra Ü.Hacıbəylinin müharibə illərində yazdığı vətənpərvərlik mahnıları ifa olundu. Tədbirin qonaqları Bakı Veteranlar Şurasının üzvləri, Bakı Musiqi Akademiyasının tələbələri, Sərhəd Qoşunlarının müdavimləri və başqaları idi.