Oğuz rayon Mədəniyyət və Turizm Şöbəsində Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə 2010-cu ilin Dövlət Mükafatına təqdim olunan əsərlərdən biri olan Gülxani Pənahın “Mir Cəlalın elmi-nəzəri görüşləri” kitabının müzakirəsi keçirilib. Kitabı Dövlət Mükafatına Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu təqdim edib. Kitab BDU-nun elmi şurasının qərarı ilə 2009-cu ildə çap edilib.
   Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas, publisist, 20-dən çox kitabın müəllifi olan Gülxani Pənah (Şükürova) “Mir Cəlalın elmi-nəzəri görüşləri” monoqrafiyasında ədibin yaradıcılığı, ədəbi-tənqidi görüşlərini geniş təhlil edib.
   Kitabda Mir Cəlalın Nizaminin, Füzulinin sənətkarlıq məsələləri haqqında dəyərli elmi-nəzəri fikirləri ön plana çəkilir. Monoqrafiya Mir Cəlalın elmi-nəzəri və ədəbi-tənqidi görüşlər sisteminə yeni baxış olmaqla yanaşı klassiklərimizin, XIX-XX əsrlərdə yaşayıb-yaratmış sənətkarlarımızın ədəbi irsini öyrənmək və qiymətləndirmək baxımından qiymətli tədqiqat əsəridir. Kitabın elmi redaktorları filologiya elmləri doktorları, professorlar Qara Namazov, İfrat Əliyeva, Rüstəm Rüstəmzadədir.
   
   Qəsidə Hüseynova,
   Oğuz