Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın əsərlərindən ibarət kitabların və şairə həsr olunmuş vebsaytın təqdimat mərasimi reallaşıb. Mərasimdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edən mərasim iştirakçıları Rəsul Rzanın həyat və yaradıcılığını əks etdirən saytla tanış olublar. Sayt üç hissədən ibarətdir, şairin ömür yolunu, yaradıcılıq bioqrafiyasını, çoxşaxəli fəaliyyətini dolğun şəkildə işıqlandırır. Burada şairin şəkilləri, onun haqqında xatirələr, yaradıcılığından bəhs edən materiallar, şeirlərinə bəstələnmiş mahnılar yerləşdirilib. Tariyel Məmmədov tərəfindən hazırlanan vebsayt ədəbiyyatsevərlər, şairin yaradıcılığının vurğunları tərəfindən maraqla qarşılanacaq səviyyədə tərtib olunub.