Mayın 22-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Azərbaycan Xalq Cümhuriyyətinin 92-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
   Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşlarının iştirak etdikləri tədbirdə ATİ-nin turizmin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Nəsir Nəsirli çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, o dövrün ictimai-siyasi mənzərəsi, həmçinin 28 Mayın dövlətçilik tariximizdə əvəzsiz rolundan danışdı. N.Nəsirli 92 il bundan əvvəl baş verən siyasi prosesləri dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirdi.
   İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev mürəkkəb və ziddiyyətli dövrü 1918-1920-ci illərin tariximizin şanlı, eyni zamanda, ziddiyyətli dövrü olduğunu vurğuladı: «1918-ci il mayın 28-də Azərbaycanın istiqlalının elan edilməsi xalqımızın taleyində mühüm hadisə idi. Cümhuriyyəti quran şəxslər Azərbaycan millətini böyük təhlükədən qurtardılar. 1918-ci il mayın 28-də bu addım atılmasaydı, ölkəmizin ərazisi Rusiya, Ermənistan və Gürcüstan arasında bölüşdürüləcəkdi».
   Konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycanda demokratik dövlətçiliyin təntənəsidir”, “Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq sahəsində fəaliyyəti”, “Bakı Dövlət Universitetinin yaranması” mövzularında məruzələr dinlənildi, müzakirələr aparıldı.