Mədəniyyət obyektlərindəki vəziyyət
   
   Ötən sayımızda xəbər verdiyimiz kimi, mayın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanov və nazirliyin bir qrup məsul işçisi Astara rayonu kənd mədəniyyət işçiləri ilə görüş keçirdilər. 
   Nazirliyin nümayəndələri rayonun bəzi kəndlərində fəaliyyət göstərən mədəniyyət evi, klub və kitabxanalara baxış keçirərək mövcud vəziyyətlə tanış oldular. Astaranın turizm baxımından əlverişli təbii şəraitə malik olduğunu nəzərə alsaq, bu rayonda yerləşən mədəniyyət obyektlərinin və tarixi abidələrin bərpasına böyük ehtiyac duyulduğunu görərik. Onu da qeyd edək ki, indiyədək 6 rayonda keçirilən bu tip tədbirlərdən fərqli olaraq, Astaradakı görüşdə qonşu Masallı, Biləsuvar, Yardımlı rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri də iştirak edirdilər.
   
   Astara Mədəniyyət Evində
   
   Mədəniyyət Evində keçirilən görüşü giriş sözü ilə Astara Rayon İcra Hakimiyyəti başçısının səhiyyə, təhsil və mədəniyyət üzrə müavini Natiq İbadov açdı. O, Mədəniyyət və Turizm Nazirliyinə Astara rayonunun mədəniyyət işçilərinin problemləri ilə yaxından maraqlandığına görə, rayon İcra Hakimiyyəti başçısının təşəkkürünü çatdırdı. Sonra nazirliyin Aparat rəhbəri Firudin Qurbanov məruzə ilə çıxış edərək rayon mədəniyyət müəssisələrinin fəaliyyətindəki çatışmazlıqları qeyd etdi, geniş turizm potensialına malik bölgədə işləyənlərin qarşısında duran məqsəd və vəzifələrdən danışdı, mədəniyyət və turizm sahəsində gedən inkişaf, yeni tikilmiş və təmir edilmiş mədəniyyət ocaqları, turizm obyektləri barədə məlumat və statistik göstəriciləri görüş iştirakçılarının nəzərinə çatdırdı. F.Qurbanovun məruzəsi mövzuya aid çəkilmiş fotoslaydla müşayiət edilirdi.
   Qeyd olundu ki, rayonun kəndlərindəki klub və kitabxana binaları əsasən ötən əsrin 60-70-ci illərində tikilib, bir çoxunun təmirə ehtiyacı var, bir sıra yaşayış məntəqələrində müasir standartlara uyğun olaraq yeni mədəniyyət obyektləri tikilməlidir.
   
   Mədəniyyət ocaqları turistlərin diqqətini cəlb etməlidir
   
   Dövlətin əsas prioritet istiqamətlərindən biri mədəniyyət ocaqlarının yenidən qurulması və bərpasdır. Son 5 il ərzində respublikamızın paytaxtında onlarla yeni mərkəzin inşa olunması, bəzilərinin isə əsaslı şəkildə müasir standartlara uyğun təmir ediməsi bunu bir daha sübut edir. Amma məlumdur ki, bir sıra rayon mərkəzlərində mədəniyyət ocaqları əsaslı təmir olunsa da, bölgələrdəki mədəniyyət obyektlərinin əksəriyyətinin yenidən inşasına ehtiyac var. Aparat rəhbəri F.Qurbanov çıxışında bu məsələyə toxunaraq bildirdi ki, mədəniyyət müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olmaq işimizin xeyrinədir: “Son vaxtlar dövlət tərəfindən mədəniyyət obyektlərinə diqqət artmaqdadır. Regionların inkişafı ilə bağlı 2009-2013-cü illər üzrə Dövlət Proqramında mədəniyyət obyektlərinin də inkişafı nəzərdə tutulub. Bu bir daha onu göstərir ki, dövlətimiz mədəniyyət obyektlərinin vəziyyəti ilə daim maraqlanır. Mədəniyyət ocaqlarını elə səviyyəyə çatdırmaq lazımdır ki, respublikamıza gələn turistləri də cəlb etsin. Bölgələrdə mədəniyyət evləri, klub və kitabxanalar nə qədər keyfiyyətli olsa, gənclərin diqqətini daha çox bu məkanlara cəlb etmək olar”.
   Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov da çıxış edərək bildirdi ki, kəndlərdəki mədəniyyət ocaqlarının daha çox kənd icra nümayəndələrindən asılı olması mədəniyyət və turizm şöbələrinin işini çətinləşdirir: “Amma biz daim əlimizdən gələn köməkliyi göstəririk. Onların problemləri ilə daim maraqlanırıq və müxtəlif görüşlər keçiririk”. Bundan sonra rayonun mədəniyyət müəssisələrinin bəzi məsul işçiləri çıxış etdilər. Çıxışlardan sonra tədbir iştirakçılarının təklifləri dinlənildi. Təkliflər və problemlər nazirliyin işçiləri tərəfindən qeyd edildi. Nəzərinizə çatdıraq ki, Mədəniyyət və Turizm Nazirliyinin kənd mədəniyyət işçiləri ilə görüşləri və bölgələrdə yerləşən mədəniyyət obyektlərin vəziyyəti ilə tanışlıq digər rayonlarda da davam etdiriləcək.
   
   İntiqam Hacılı