Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, “Nar Mobile”in baş sponsorluğu və “Ulduz prodakşn” şirkətinin təşkilatçılığı ilə “Doğma diyar” layihəsinə start verilib. İyulun 1-də “Excelsior” otelində bununla bağlı mətbuat konfransı keçirildi. Layihə Azərbaycan estradasının sevilən iki müğənnisi - Röya Ayxan və Zamiq Hüseynovun respublikanın 15 bölgəsinə konsert turnesindən ibarətdir. “Doğma diyar” son illərdə Azərbaycan estradasında həyata keçirilən ən böyük layihə hesab olunur.
   
   Mətbuat konfransında “Azərfon” şirkətinin korporativ əlaqələr şöbəsinin müdiri Elşad Fərzəliyev, şikətin nümayəndəsi Fərid Məmmədov, müğənnilər Röya və Zamiq iştirak edirdilər.
   Elşad Fərzəliyev bildirdi ki, turne artıq start götürüb və müğənnilər 15-16 mayda Naxçıvan şəhərində Heydər Əliyev Sarayında çıxış ediblər: “Sənətçilər layihəni Azərbaycanın iri və nüfuzlu şirkəti olan “Nar Mobile”in baş sponsorluğu ilə davam etdirəcəklər. Hər iki sənətçi - Röya və Zamiq geniş konsert proqramı ilə təkcə paytaxt əhalisini deyil, eləcə də əyalətdəki pərəstişkarlarını sevindirəcəklər”.
   E.Fərzəliyevin sözlərinə görə, iyul ayının 12-də Quba rayonundan start götürəcək konsert daha sonra Qəbələ, Gəncə, Şəmkir, Qazax, Mingəçevir, Lənkəran, Şirvan, Göyçay, Ağdam, Füzuli, Şəki və Yevlaxda keçirilməklə Sumqayıtda yekunlaşacaq. Turne çərçivəsində son konsert isə Bakıda gerçəkləşəcək: «Açıq hava konsertlərində mobil səhnə qurulacaq və canlı musiqi ansamblının müşayiəti ilə gerçəkləşəcək. Bütün konsertlərdə sənətçiləri “Nero” şou-baleti müşayiət edəcək. Hər iki sənətçi yay istirahəti əvəzində gərgin iş rejimini seçməklə sevənlərinə təmənnasız, xoş istirahət bəxş etmək arzusundadır”.
   Qeyd edək ki, konsertin ideyası müğənni Röyaya məxsusdur. Mətbuat konfransında çıxış edən müğənni bu ideyanı dəstəkləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkürünü bildirdi. Röya Ayxan vurğuladı ki, o, bu ideyanı sənət dostu Zamiqlə paylaşıb: “Zamiq də təklifimi qəbul etdi. Yay istirahətimizi bizi sevənlərə konsert hədiyyə etməklə əvəzlədik. Hazırda layihə üzərində 55 nəfərlik heyət çalışır”.
   Qeyd edək ki, təşkilatçılar müğənnilər üçün beynəlxalq standartlara uyğun səyyar qrim otağı, səyyar səhnə, işıq, səs və s. avadanlıqlar təşkil ediblər. Konserti yüksək səviyyədə işıqlandırmaq üçün “Lider” telekanalı eksklüziv informasiya dəstəyi verir.
   “Doğma diyar” kampaniyası çərçivəsində “Nar Mobile” abunəçiləri bol-bol bonus qazanıb, əyləncəli konsertlərdə iştirak etməyə imkan əldə edəcəklər. Konsertlərdə iştirak etmək üçün Nar Mobile abunəsi turnenin keçirildiyi bölgədə kampaniya müddəti ərzində 2222 nömrəsinə zəng edərək, cəmi 1 AZN ödəməklə şəbəkədaxili 25 dəqiqə danışıq vaxtı, 25 SMS və 25 Mb internet trafiki əldə edə biləcək. Bundan başqa, konsert zamanı verilən suallarla bağlı 1111 nömrəsinə ilk və düzgün cavab verən nömrənin sahibi mobil telefon qazanacaq. 1 SMS haqqı isə 20 qəpik təşkil edir.
   
   İntiqam Hacılı