Layihə çərçivəsində növbəti seminar Zaqatalada keçirildi
   
   Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə respublikanın tanınmış alimlərinin iştirakı ilə keçirilən “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda növbəti regional seminar iyulun 6-da Zaqatalada keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mübariz Süleymanlı, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Mətləb Məmmədov və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Asif Nəsibov Zaqatalada mədəniyyət işçiləri ilə görüşdülər. Daha sonra qonaqların Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Səfər Ramazanovla görüşü oldu.
   Qeyd edək ki, indiyədək “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” layihəsi üzrə regional seminarlar Gəncə, Lənkəran, Şirvan, Mingəçevir şəhərlərində, Ağdaş, Şamaxı və Qusar rayonlarında təşkil olunub. Layihə ilin sonunadək davam edəcək. Seminarlarda “Müasir Azərbaycanın mədəniyyət siyasətinin əsas hədəfləri və istiqamətləri”, “Mədəniyyət siyasətinin xüsusiyyətləri”, "Mədəniyyət sahəsində beynəlxalq münasibətlərin qurulması”, “Mədəniyyət və təbliğat”, “Mədəniyyət və diplomatiya”, “Milli Azərbaycan mədəniyyəti”, “Azərbaycan mədəniyyətinin tarixi” və s. mövzular ətrafında müzakirələr aparılır.
   Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihənin regionlarda çalışan əməkdaşların yeni peşəkarlıq keyfiyyətlərinə yiyələnməsi və mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın geniş iştirakının təmin olunmasında böyük əhəmiyyəti var.
   Qeyd edək ki, layihə üzrə növbəti seminar iyulun 12-də Şəkidə keçiriləcək.   

   İntiqam Hacılı