TÜRKSOY təşkilatının Ankaradakı mərkəzi ofisində TÜRKSOY-a üzv ölkələrin UNESCO milli komissiyalarının toplantısı öz işinə başlayıb.
   Toplantıda ölkəmizi UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
   Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen toplantını açaraq, qardaş türk dünyası ölkələrinin təmsilçilərini salamlayıb, türkdilli xalqların zəngin mədəni irsinin dünyada təbliği və UNESCO çərçivəsində birgə fəaliyyətin zəruriliyindən bəhs edib.
   UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxışında bildirib ki, TÜRKSOY ilə UNESCO arasında bir çox ortaq nöqtələr mövcuddur. Bunların ən mühüm olanı humanist ideyalara xidmət etməklə bu ideyaları dövlətlərə, xalqlara çatdırmaqdır. Bu dəyərlər Azərbaycan cəmiyyəti üçün çox önəmlidir.
   O, ötən il Naxçıvanda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının 9-cu zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Türk Mədəni İrsinin Qorunması Fondunun təsis edilməsi təklifi ilə çıxış etdiyini nəzərə çatdırıb. Qeyd edib ki, dövlət başçısının bu təklifi digər prezidentlər tərəfindən də dəstəklənmişdi. Hazırda həmin istiqamətdə işlər davam edir və yaxın zamanlarda bu fond fəaliyyətə başlayacaq. Fondun yaradılmasında məqsəd təkcə türkdilli ölkələrdə deyil, türk toplumlarının yaşadığı bütün məkanlarda mədəni abidələrin bərpası, onların qorunması, tarixi araşdırmaların dəstəklənməsidir.
   Günay Əfəndiyeva vurğulayıb ki, Azərbaycanda zəngin tarixi və mədəni irsin qorunması və dünyada tanıdılması, habelə UNESCO ilə ölkəmiz arasında sıx əməkdaşlıq bilavasitə Heydər Əliyev Fondunun, onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Heydər Əliyev Fondu bu missiya ilə yanaşı, məktəblər, uşaq müəssisələri, idman zalları, səhiyyə obyektlərinin açılması, mədəni abidələrin bərpası, milli adət-ənənələrimizin yaşadılması, incəsənət festivallarının təşkili sahəsində də fəaliyyətini genişləndirir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan bütün dünyada maddi-mədəni irsin bərpasında fəal iştirak etdiyi halda, Ermənistanın işğalı altında olan 20 faiz doğma torpaqlarında 400-dən çox qarət olunmuş, dağıdılmış və məhv edilmiş abidələrini bərpa etmək imkanından məhrumdur. Bu məsələ ilə bağlı UNESCO-ya dəfələrlə müraciətlər təqdim olunub.
   Toplantıda çıxış edən UNESCO-nun Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan üzrə milli komissiyalarının təmsilçiləri açılış çıxışlarında türkdilli ölkələrin bu təşkilatla əməkdaşlığı, TÜRKSOY ilə birlikdə həyata keçirilən layihələrdən bəhs ediblər.
   Sonra türkdilli ölkələrin dövlət başçılarının 10-cu zirvə toplantısının yekun Bəyannaməsinə uyğun olaraq həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
   Toplantı bu gün başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar